Görkəmli ədib İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş tədbir
İyunun 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Boy çiçəyinin ətri” adlı tədbir keçirildi.
Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış ədəbiyyat, mədəniyyət, elm xadimləri, incəsənət ustaları, universitetin kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva görkəmli ədibin həyat və yaradıcılığından danışdı. Vurğulandı ki, ədibin zəngin dramaturgiyası Azərbaycan teatrı tarixində bütöv bir mərhələ təşkil edir, yüksək bədii zövqə və dəyərə malik yaradıcılığı ədəbiyyatımızda mühüm yer tutur. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən İlyas Əfəndiyevin 100 illiyinin geniş şəkildə qeyd edildiyini diqqətə çatdıran rektor universitetdə də bu qəbildən silsilə tədbirlərin təşkil olunduğunu dedi.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazıçının ədəbiyyata gəlişindən, ədəbi prosesdə tutduğu mövqeyindən, dramaturgiyasının məziyyətlərindən bəhs etdi. Qeyd etdi ki, müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi olan İlyas Əfəndiyev Hüseyn Cavid, Cəfər Cabbarlı kimi öz teatr ənənəsini yaradan sənətkarlarımızdandır: “İlyas Əfəndiyev XX əsr ədəbiyyatımızın ən böyük yazıçılarından biridir. O, totalitar sovet rejiminə boyun əyməyərək sosialist yazıçısı olmadı. Onun əsərləri sayəsində ədəbiyyatımıza yeni-yeni obrazlar gəldi. İlyas Əfəndiyev əsərləri ilə bizi mənəvi dəyərlərimizə qaytararaq, milli kimliyimizi ortaya qoyan obrazlar yaratdı”.
Daha sonra xalq artistləri Amaliya Pənahova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova çıxış edərək İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşdülər, dramaturqun milli teatr tariximizə töhfələrindən danışdılar. Qeyd etdilər ki, məhz İlyas Əfəndiyevin dram əsərləri sayəsində teatra gələrək, püxtələşib, sənət aləmində tanınıblar.
Tədbir musiqili-ədəbi kompozisiya şəklində qurulmuşdu. İncəsənət ustalarının çıxışları ilə yanaşı, İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri səsləndirilirdi. Tədbirdə dramaturqun səhnələşdirilən əsərlərindən videogörüntülər də nümayiş olundu.
Fariz Hüseynov