Elmi konfransda Azərbaycanın bu sahədə əldə etdiyi nəticələrdən də bəhs olunub

İyunun 26-29-da Belçika Krallığının Brügge şəhərində UNESCO tərəfindən sualtı mədəni irsin qorunması üzrə elmi konfrans və I Dünya müharibəsinin başlanmasının 100-cü ildönümü ilə bağlı xatirə tədbiri keçirilib.

Belçika hökumətinin dəstəyi və bu ölkənin UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə sualtı mədəni irsin qorunmasında UNESCO-nun rolu və bu istiqamətdə aparılan fəaliyyət, sülh mədəniyyəti və qeyri-zorakılığın təşviqi kimi məsələlər müzakirə edilib.
Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib. Günay Əfəndiyeva Azərbaycanın zəngin sualtı mədəni irsindən bəhs edərək aparılmış hidro-arxeoloji axtarışlar zamanı dənizin dərinliklərində 900-dən çox arxeoloji abidənin aşkar olunduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, XIII əsrdə inşa olunmuş Bayıl qalasına məxsus yazı lövhələrinin bir qismi su altından çıxarılaraq UNESCO-nun Dünya İrs Siyahısında olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda sərgilənir. Bununla belə, bəzi çətinliklər üzündən yazı lövhələrinin böyük bir qismi hələ də Xəzərin suları altındadır.
Günay Əfəndiyeva I Dünya müharibəsində neft uğrunda aparılan mübarizədə Xəzər dənizi və Azərbaycan ərazisinin strateji əhəmiyyətindən də söz açıb. Məruzəçi belə tədbirlərdə təcrübə mübadiləsinin genişləndirilməsinin sualtı mədəni irsin öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirlərdə 50-yə yaxın ölkənin, o cümlədən Fransa, Britaniya, İtaliya, ABŞ, Kanada, Meksika, İndoneziya, Avstraliya, Yunanıstan, İspaniyanın UNESCO üzrə milli komissiyalarının nümayəndələri, müxtəlif qurumların mütəxəssisləri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar