Bakıya 55 ölkədən 405 film göndərilib

İyunun 25-də Nizami Kino Mərkəzində II Bakı beynəlxalq turizm filmləri festivalının başlanması münasibətilə mətbuat konfransı keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, festivalın icraçı direktoru Fariz Əhmədov və festivalın münsiflər heyətinin sədri Ayaz Salayev, heyət üzvlərindən Aleksandr Kammel (Avstriya), Spomenka Saraqa (Xorvatiya), Can Özbatur (Türkiyə), Vüqar Şıxəmmədov (Azərbaycan) iştirak edirdi.
Nazirliyin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov festivalın məqsəd və məramından söz açaraq bildirdi ki, əsas məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşıya məqsəd qoyub: «Ölkəmizdə turizmin inkişafı üçün çoxlu işlər görülür. Bu festival da turizmin inkişafına və təbliğinə xidmət edir. Tədbir həmçinin müxtəlif ölkələrdən gəlmiş rejissorların fikir mübadiləsi aparmaları və bir-birilərinin təcrübələrindən yararlanmaları baxımından əhəmiyyətlidir».
Qeyd olundu ki, builki festivalın coğrafiyası və proqramı da əvvəlkinə nisbətən genişlənib. İlk dəfə İran, Avstraliya, Yeni Zelandiyadan filmlər festivalda nümayiş olunur: «Festivala ümumilikdə 55 ölkədən 405 film göndərilib. Onların arasından seçim edilərək festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışır. Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilib».
Münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirdi ki, layihənin böyük perspektivləri var: «Bu festivalda mədəniyyət və turizm anlayışları görüşür. Burada kinonun başqa funksiyaları da görünür. Artıq insanların Yer kürəsində səyahət imkanları genişlənib. Bu baxımdan turizm mövzusunda çəkilən filmlərin əhəmiyyəti də artıb. Festivala təqdim olunan filmlərin həm bədii cəhətləri qiymətləndiriləcək, həm də turizm baxımından əhəmiyyəti bilinəcək».
Avstriyalı münsif Aleksandr Kammel bildirdi ki, festival müxtəlif ölkələrdən rejissorların bir araya gətirilməsi və təcrübə mübadiləsi üçün mühüm imkandır: “Hazırda bir çox ölkələrin turizm təmsilçiləri də Bakıdadır. Onlar da həmkarları ilə fikir mübadiləsi aparırlar, yeni əlaqələr yaradırlar. Bu baxımdan mən bu festivalı çox yüksək dəyərləndirirəm”.
Türkiyəli jüri üzvü Can Özbatur turizm filmləri festivallarının yeni dünyagörüşlərinin, film çəkilişləri, təqdimatlar zamanı müasir texnologiyalardan istifadə imkanları barədə təcrübələrin bölüşdürülməsi baxımından önəmini qeyd etdi.
Xorvatiyalı münsif Spomenka Saraqa isə Azərbaycana ilk dəfə gəldiyini bildirdi və paytaxt Bakının gözəlliyindən söz açdı. Festivalın təşkilatçılığının yüksək səviyyədə olduğunu deyən qonaq öz Facebook səhifəsində burada gördükləri barədə geniş materiallar paylaşdığını da diqqətə çatdırdı.
Festivalın icraçı direktoru Fariz Əhmədov bildirdi ki, təqdim olunan filmlər qiymətləndirilərkən onların həm turizm baxımından informasiyalılığı, həm də rejissor işi nəzərə alınır. Onun sözlərinə görə, filmlər seçilərkən onun kino mütəxəssisi və yaxud turist tərəfindən çəkilməsi nəzərə alınmır: «Bizim üçün maraqlı olan odur ki, film həm kino, həm də turizm baxımından diqqətçəkən olsun”.
Bildirildi ki, filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Hər kateqoriya üzrə birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, eyni zamanda diplom və pul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə «Qran-pri», diplom və pul mükafatı veriləcək.
Festivala 28 ölkədən 50 qonaq dəvət edilib. Qonaqlar üçün şəhər turu da təşkil olunacaq.
Fariz Əhmədov onu da diqqətə çatdırdı ki, festival çərçivəsində «Dünya sübhdən günbatanadək» layihəsi çərçivəsində «Bakı sübhdən günbatanadək» layihəsinin təqdimatı olacaq. Həmçinin Polşa kinematoqrafçılarının ustad dərsləri, nəzəri və əyani dərslər də nəzərdə tutulub, sonda gənc rejissorlar Bakı haqqında sənədli film çəkəcəklər.
Münsiflər heyətinin üzvü, nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şıxəmmədov bu cür layihələrin turizmin inkişafına müsbət təsirini diqqətə çatdırdı. Bildirdi ki, ötən il Azərbaycana 2 milyon 500 minə yaxın turist gəlib. Ölkəyə daha çox qonşu Rusiya, Türkiyə, İran və Gürcüstandan, həmçinin Avropa ölkələrindən turistlər gəlir: «Azərbaycanın dünyada tanınması istiqamətində məqsədli və əməli iş aparılır. Bu xüsusda Azərbaycanla bağlı çəkilən reklam çarxlarının müstəsna rolu var. Gələcəkdə ölkəmizdə keçirilən turizm festivallarının təcrübəsindən də istifadə ediləcək».

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar