“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun idarə edilməsi və konservasiyası sahəsində Azərbaycan dövlətinin atdığı addımlar müsbət dəyərləndirilib

İyunun 15-dən 25-dək Qətərin paytaxtı Doha şəhərində UNESCO-nun Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirilib. Sessiyada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının rəsmiləri təmsil ediblər.
Sessiyanın gündəliyinin əhatə etdiyi bir çox məsələlərlə yanaşı, 2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olmuş İçərişəhərin konservasiyası üzrə hesabatı da nəzərdən keçirilib. Dünya İrsi Komitəsinin İçərişəhərə dair qəbul etdiyi qərarda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun idarə edilməsi və konservasiyası sahəsində Azərbaycan dövlətinin atdığı addımlar müsbət dəyərləndirilib. Abidələr kompleksinin qorunması, konservasiyası və “canlı şəhər” konsepsiyasının tətbiqi sahəsində müvafiq idarəetmə alətlərinin təkmilləşdirilmə işlərinin davam etdirilməsi tövsiyə olunub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində UNESCO-nun Dünya İrsi Komitəsinin rəhbərliyi, habelə komitənin bir çox üzv ölkələrinin rəsmiləri və ekspertləri ilə ikitərəfli görüşlər keçirib, İçərişəhərin qorunması və idarəolunması ilə bağlı fikir mübadiləsi aparıb.
Görüşlərdə Azərbaycan hökumətinin İçərişəhərin qorunması sahəsində ciddi irəliləyişlər əldə etdiyi vurğulanıb, dünya irsi obyekti olan bu məkanın gündəlik səmərəli idarə olunmasının təşkili, konservasiya üzrə baş plana əsasən bərpa və konservasiya layihələrinin yüksək peşəkarlıqla həyata keçirildiyi qeyd olunub.
Sessiyada müxtəlif ölkələrin təqdim etdiyi nominasiyalar üzrə UNESCO-nun Dünya İrs Siyahısına yeni nümunələrin daxil edilməsi barədə qərarlar qəbul olunub.
Çin, Qazaxıstan və Qırğızıstanın birgə təqdimatı ilə Avropa və Asiya arasında 2 min ildən çox ticarət və mədəniyyət dəhlizi rolunu oynamış qədim İpək Yolu UNESCO-nun irs siyahısına daxil edilib. Türkiyənin “Bursa və Cumalıkızık” və Berqama antik şəhəri də UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. “Bursa və Cumalıkızık: Osmanlı İmperatorluğunun yaranışı” 2000-ci ildə, Berqama isə 2011-ci ildə UNESCO-nun keçici siyahısına salınmışdı. Bununla Türkiyənin dünyanın mədəni irs siyahısındakı nümunələri 13-ə çatıb. Sessiyada dünya mirası siyahısına 26 abidə daxil edilib. Hazırda siyahıda 161 ölkədən 1007 obyekt var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar