Xəbər verdiyimiz kimi, Azərbaycanın böyük mütəfəkkiri Seyid Yəhya Bakuvinin (Şirvani) vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü il UNESCO tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan edilmişdi.
İyunun 27-də Beynəlxalq Mətbuat Mərkəzində ötən il ərzində keçirilmiş tədbirlərə yekun vurulub. Əvvəlcə “Seyid Yəhya Bakuvi ili” çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub.
Bildirilib ki, 2013-cü ildə respublikamızda və xarici ölkələrdə dövlət, ictimai, təhsil qurumları tərəfindən çoxsaylı mədəni-maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərə Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar” İctimai Birliyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, eləcə də Bakıda və bölgələrdəki bir çox ictimai təşkilatlar, Türkiyənin Milli Təhsil Nazirliyi, ali məktəbləri və digər qurumları qoşulublar.
“Seyid Yəhya Bakuvi ili” çərçivəsində böyük mütəfəkkirin həyatı, fəaliyyəti və təhsilindən bəhs edən nəşrlər işıq üzü görüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən UNESCO-nun Parisdəki mənzil-qərargahında, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən isə Bakıda konfranslar keçirilib.
Yekun tədbir çərçivəsində Seyid Yəhya Bakuvi ilə bağlı nəşrlər sərgilənib.