İyunun 27-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin ev-muzeyində Azərbaycan ədəbiyyatı və publisistikasının görkəmli nümayəndəsinin anadan olmasının 145-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri ev-muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova açaraq böyük ədib haqqında məlumat verib. Bildirilib ki, xalqın işıqlı gələcəyi yolunda mübarizə aparan C.Məmmədquluzadə çoxşaxəli yaradıcılığı və “Molla Nəsrəddin” satirik jurnalı ilə Azərbaycan ictimai-mədəni fikir tarixinə mühüm töhfələr verib. Ev-muzeydəki eksponatlar barədə məlumat verən direktor qeyd edib ki, bu sənədlərin çox hissəsi tanınmış alim, akademik İsa Həbibbəyli tərəfindən təqdim olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Mirzə Cəlilin yaradıcılığı, əsərlərinin ideyasından danışıb. Görkəmli ədib haqqında qiymətli əsərlərin yazıldığını bildirən akademik artıq cəlilşünaslığın Azərbaycan ədəbiyyatşünaslığında ayrıca bir istiqamətə çevrildiyini vurğulayıb: “Cəlil Məmmədquluzadənin demokrat, azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. O, azərbaycançılıq ideyasını kütləvi şəkildə mətbuata gətirib”.
Xalq rəssamı Arif Hüseynov “Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir qrafik rəssamlıqda”, BDU-nun professoru Alxan Bayramoğlu “Molla Nəsrəddin jurnalı və mollanəsrəddinçilər”, filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabova “Cəlil Məmmədquluzadə nəsrinin sənətkarlıq xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə ədibin hekayə və felyetonları əsasında hazırlanmış səhnəciklər təqdim olunub. İştirakçılara ev-muzeyi tərəfindən təşəkkürnamələr təqdim edilib.
Sonda qonaqlar muzeydə nümayiş olunan “Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin” mövzusunda sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar