“Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların IV respublika festivalı başa çatdı

Xəbər verdiyimiz kimi, iyunun 23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların ənənəvi respublika festivalı keçirildi. Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsi olan festival artıq dördüncü dəfə gerçəkləşdi.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006, 2008 və 2011-ci illərdə keçirilən festivallar kimi, budəfəki tədbir də ölkəmizdəki milli müxtəlifliyin, milli zənginliyimizin nümayişi, əsrlərdən bəri mövcud olan tolerantlıq mühitinin təsdiqi oldu. Festival çərçivəsində iyunun 23-24-də R.Behbudov adına Dövlət Mahnı Teatrında respublikamızın müxtəlif bölgələrindən gəlmiş folklor qrupu, mahnı və rəqs kollektivlərinin rəngarəng çıxışları oldu. Milli azlıqların adət-ənənələrini, musiqilərini, geyimlərini təcəssüm etdirən proqram maraqla qarşılandı.

“Bir ailədə” fotosərgisi

İyunun 25-də Muzey Mərkəzində milli azlıqların IV respublika festivalı gedişində “Bir ailədə” adlı fotosərgi açıldı. Sərgidə ölkəmizdə yaşayan azsaylı xalqların yaşam tərzini, mədəniyyətini, incəsənətini, məişətini, adət-ənənələrini və tarixi keçmişini özündə əks etdirən fotoşəkillər nümayiş olunurdu. Fotolarda həmçinin xalqların öz mədəniyyətinin, incəsənətinin inkişaf etdirilməsi üçün yaradılan şəraiti, onların keçmişinə bağlılıqları və azərbaycanlılarla necə mehriban, qardaşlıq şəraitində yaşadıqlarını da aydın şəkildə görmək olar. Sərgi Azərbaycanda tarixən bərqərar tolerantlıq örnəyinin sübutudur. Qeyd edək ki, 200-dən çox foto nümunəsinin yer aldığı sərgi iki gün davam etdi.

“Azərbaycanda etnik-mədəni müxtəliflik və multikultural ənənələr”

İyunun 25-də Muzey Mərkəzində milli azlıqların IV respublika festivalı çərçivəsində “Azərbaycanda etnik-mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, milli azlıq və etnik qrupların təmsilçiləri iştirak edirdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasının dövlət siyasəti olduğunu vurğuladı: “Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin bütün bölgələrini əhatə edir. Çox sevindirici haldır ki, bu inkişafa biz birlikdə, ölkəmizdə yaşayan bütün xalqlarla bərabər nail olmuşuq. Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini, dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Ölkəmizin bu sahədə qazandığı uğurlar bütün beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən də yüksək qiymətləndirilir. Hətta UNESCO kimi mötəbər beynəlxalq qurum tərəfindən bu sahədəki uğurlarımız digər ölkələrə bir təcrübə kimi tövsiyə olunur. Ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanıb və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir”.
Nazir 2011 və 2013-cü illərdə Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla gerçəkləşdiyini diqqətə çatdırdı, Azərbaycandakı etnik müxtəlifliyin ölkəmizin inkişafına, milli mədəniyyətimizin rəngarəngliyinə və dünyada tolerantlıq nümunəsi kimi tanınmasına xidmət etdiyini bildirdi.
“Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzusunda məruzə ilə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bu sahədə görülən işlərdən danışdı. Prezident İlham Əliyevin Azərbaycanda Bilik Fondunun təsis edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair fərman və sərəncamlarının əhəmiyyəti vurğulandı: “Bu yaxınlarda mən Azərbaycanın bir sıra bölgələrinə səfər etdim. Azsaylı xalqların nümayəndələri və digər dinlərə mənsub olan insanlarla görüşlər zamanı respublikamızda yaşayan milli azlıq və etnik qrupların adət-ənənələrinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının şahidi oldum. Biz əsrlərdir birlikdə, qardaşlıq şəraitində yaşayırıq. Tolerantlıq, humanizm artıq biz azərbaycanlıların canına hopub”.
Dövlət müşaviri bundan sonra da ölkəmizdə yaşayan azsaylı xalqlarla birlik və qardaşlıq şəraitində yaşamaq üçün vacib addımların atılacağını vurğuladı.
Dəyirmi masada həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Mədəni hüquqlar və multikulturalizm”, Milli Məclisin deputatları Yevda Abramovun “Millətlərarası həmrəylik: Azərbaycan modeli”, Mixail Zabelinin “Tolerantlıq və millətlərarası həmrəylik mühiti və Azərbaycan dövlətçilik ənənələri”, Aytən Mustafayevanın “Milli azlıqların hüquqlarının müdafiə mexanizmlərinin inkişafı” və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Tolerantlıq və media” mövzusunda məruzələri dinlənildi. Bildirildi ki, Azərbaycanda milli azlıqlar yerli əhali ilə eyni hüquqlara malikdir və onların ölkəmizin mədəni irsindən eyni dərəcədə istifadə etmələrinə hər cür şərait yaradılıb.
Daha sonra “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədovun rəhbərliyi ilə hazırlanan “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” diskinin təqdimatı keçirildi. Diskdə milli azlıqlara məxsus 29 mahnı yer alıb.

Festivalın qala-konserti

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş milli azlıqların IV respublika festivalı iyunun 25-də Dövlət Musiqili Teatrında qala-konsertlə başa çatdı.
Konsertdən öncə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq xoş ənənə halını almış festivalın əhəmiyyətini diqqətə çatdırdı. Ölkəmizdəki etnik müxtəlifliyin Azərbaycanın milli-mənəvi zənginliyi olduğunu vurğulayan nazir qeyd etdi ki, tolerantlıq və qarşılıqlı hörmət Azərbaycan dövlətinin milli siyasətinin fərqləndirici xüsusiyyətləridir. Xalqımızın ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd edib ki, çoxmillətlilik bizim sərvətimizdir. Ümummilli liderin bu fəaliyyət xəttini Prezident İlham Əliyev uğurla davam etdirir. Nazir ümidvar olduğunu bildirdi ki, öncəki festivallar kimi, bu festival da respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalacaq.
Sonra festival iştirakçılarının konsert proqramı təqdim olundu. Qala-konserti Qəbələ rayonunun Nic kəndindən udin folklor kollektivi açdı. Sonra “Tuqan tel” tatar ansamblı, Balakən rəqs ansamblı, Lənkəran, Astara və digər rayonların ansamblları çıxış etdilər. Qala-konsertdə ukrayna, tatar, kürd, yəhudi icmalarının, Ahıska türklərinin təmsilçiləri - ümumilikdə 20-dək kollektiv çıxış etdi. Festivalın rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar