Azərbaycan dilinin mediada işlənməsinə həsr olunmuş konfrans

İyunun 27-də Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirildi.

Tədbir Prezident İlham Əliyevin 2013-cü il 9 aprel sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına həsr olunmuşdu. Konfransda Azərbaycan mətbuatında, internet mediasında, həmçinin televiziya və radiolarda ana dilinin işlənməsi ilə bağlı müzakirələr aparıldı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov kütləvi informasiya vasitələrində ana dilinin işlənməsi, yad təsirlərdən qorunması və inkişafı haqqında məruzə ilə çıxış etdi. Müstəqillik illərində Azərbaycan dilinin inkişafı üçün bir sıra tədbirlərin həyata keçirildiyini, vacib sənədlərin qəbul olunduğu diqqətə çatdırıldı: “Biz Mətbuat Şurası olaraq Azərbaycan dilinin mətbu orqanlarda düzgün işlədilməsinə daim diqqət yetiririk. Bu problemləri köklü surətdə həll etmək üçün bütün dövlət qurumları, kütləvi informasiya vasitələri və ziyalılar birgə işləməlidirlər”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziya aparıcılarının, müəllif verilişlərində çalışan jurnalistlərin ciddi nitq qüsurlarının olduğunu bildirdi: “Bir sıra özəl telekanallarda görüşlər keçirib mövcud məsələləri müzakirə edirik. Bu sahədə əsas problemləri aradan qaldırmaq, aparıcıların nitq, dillə bağlı biliklərini artırmaq üçün treninqlər keçirmək vacibdir. Təəssüf ki, bu gün aparıcıların əksəriyyəti ədəbi dil normaları haqqında kifayət qədər biliyə sahib deyillər. Telekanallarda yaradılan bədii şuralar ilkin olaraq öz müsbət nəticəsini göstərdi və hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq borcu olmalıdır”.
Şura sədri dövlət səviyyəsində Azərbaycan dilinə göstərilən diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzi kimi istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası monitorinq şöbəsinin əməkdaşı İlham Abbasov və başqaları Azərbaycan dilinin KİV-də istifadəsi haqqında fikirlərini bildirərək mövcud problemlərə toxundular.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar