Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul etdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu qəbildən vətəndaşlarla növbəti görüşü iyunun 24-də Xırdalan şəhərində keçirildi.

Abşeron rayon Mədəniyyət mərkəzində keçirilən qəbula Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından 30-a yaxın vətəndaş yazılmışdı.
Öncəki qəbullarda olduğu kimi, bu dəfə də xahiş və təkliflər əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi və s. məsələlərlə bağlı idi. Sumqayıt şəhərində turizmin inkişafı, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə də işlə təminat və digər sosial yönlü məsələlərlə bağlı xahişlər də diqqətə çatdırıldı.
Biz də qəbula yazılmış vətəndaşların bir neçəsi ilə həmsöhbət olduq, onların fikirlərini dinlədik. Abşeron rayon Novxanı kənd sakini Minayə Fətəliyeva kəndlərində XIX əsrə aid qədim hamamın təmir-bərpa olunmasını istəyir: “Ulu babam tərəfindən tikilən bu hamam uzun illər fəaliyyət göstərib. Ancaq bu gün əsaslı təmir-bərpaya ehtiyacı var. Ümidvaram ki, bu xahişim müsbət həllini tapacaq”. Qobu qəsəbəsindən qəbula yazılmış Məmmədağa Orucəliyevin müraciəti isə el sənətkarı Qasım Qasımovun xatirə muzeyinin yaradılması ilə bağlı idi: “Qobu qəsəbəsində yaşamış Qasım Qasımov xalq çalğı alətlərinin bərpası üzrə ən yaxşı mütəxəssislərdən biri olub. O dövrün ən tanınmış sənət adamları öz şəxsi istifadələrində olan musiqi alətlərinin təmir-bərpasını ona həvalə ediblər. Bu baxımdan çox istərdik ki, bu böyük el sənətkarının ev -muzeyi açılsın və orada onun işləri sərgilənsin”.
Sumqayıt şəhərindən də bir neçə vətəndaş qəbula yazılmışdı. Onların müraciətləri əsasən ölkənin yenidən dirçəlməkdə olan sənaye şəhərinin turizm yönündən inkişafı ilə bağlı idi. Sumqayıtın qədim yaşayış məskəni olan Corat qəsəbəsi ilə bağlı maraqlı təkliflər səsləndirildi, tarixi tikililərin olduğu qəsəbənin turizm marşrutlarına salınması xahiş edildi. Sumqayıt sakini Sevinc Mehdiyevanın xahişi isə incəsənət məktəblərində növbəli sistemə keçidlə əlaqədar yaranmış şəraitlə bağlı idi: “Təhsil Nazirliyinin müvafiq göstərişi ilə təhsil müəssisələrində birnövbəli sistemə keçilib. Bu baxımdan incəsənət məktəblərində problemlər yarandı. Biz də məcbur olub ikinci növbə fəaliyyət göstərməli olduq. Ancaq bu həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır. Bu məsələnin həlli üçün cənab nazirlə görüşmək istəyirəm”.
Qəbuldan sonra mətbuata açıqlama verən nazir Əbülfəs Qarayev əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd etdi, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu vurğuladı: "Bugünkü qəbulda abidələrlə, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bütün bu təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq".
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirdi: "Burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi də narahat edir. Məsələn, musiqi və incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır".
Vətəndaşların qəbulu başa çatandan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirildi. Müşavirədə çıxış edən nazir qarşıda duran vəzifələrdən danışdı. Qeyd etdi ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı yerli mədəniyyət və turizm şöbələrinin də üzərinə böyük iş düşür: “Abşeron rayonu, Sumqayıt şəhəri kimi böyük ərazi vahidlərində tarixi abidələrin, turistlərin diqqətini çəkə biləcək yerlərin siyahısı, turizm marşrutları hazırlanmalıdır, ehtiyac varsa, müəyyən abadlıq işləri görülməlidir. Əhalinin diqqətini Avropa Oyunlarına cəlb etmək məqsədilə tədbirlər planı hazırlanmalıdır”. Daha sonra söz mədəniyyət və turizm şöbələrinin müdirlərinə verildi. Çıxışlarda bir sıra müsbət məqamlarla yanaşı, müəyyən problemlər, müəssisələrə ayrılan, o cümlədən təmir-bərpa üçün nəzərdə tutulan vəsaitlərin azlığı, ştatların ixtisarı ilə bağlı narahatlıqlar diqqətə çatdırıldı.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar