Mütəfəkkir şairin 220 illiyi münasibətilə dəyirmi masa
İyunun 24-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki, maarifçi şair Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi münasibətilə dəyirmi masa keçirildi.
Tədbiri muzeyin direktoru Ülkər Talıbzadə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 3-də imzaladığı “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” sərəncamın əhəmiyyətindən danışdı, dəyirmi masanın bu sərəncamla əlaqədar muzeyin iş planına daxil edildiyini bildirdi. Direktor qeyd etdi ki, Mirzə Şəfinin həyat və yaradıcılığı hələ də tam araşdırılmayıb, görkəmli şair, pedaqoq, maarifçi-filosofun zəngin irsinə maraq bu gün də azalmır.
Qeyd olundu ki, Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini yaşatmış, yüksək insanpərvərliyi, mənəvi gözəlliyi, insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri tərənnüm edən əsərlər yaratmışdır. Şairin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Mirzə Şəfinin ədəbi irsi Almaniyadan ölkəmizə gətirilmişdir. Bu addımın atılması maarifçi filosof haqqında yeni-yeni tədqiqat əsərlərinin yaranmasına səbəb olacaq.. .
Tədbirdə muzey əməkdaşlarının Mirzə Şəfi Vazeh haqqında hazırladıqları video-slayd nümayiş etdirildi. Sonra A.Şaiqin mənzil-muzeyinin elmi işçiləri Günel Rəsulova, Humay Teymurazova, Elminaz Məmmədli ədibin həyat və yaradıcılığı ilə bağlı müxtəlif məruzələrlə çıxış etdilər. Rus bəstəkarları Pyotr İliç Çaykovskinin Mirzə Şəfinin sözlərinə bəstələdiyi və vaxtilə məşhur vokalçı Fyodor Şalyapinin ifasında səslənmiş romans dinlənildikdən sonra müəllifin şeirlərinin xarici dillərə tərcümələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Dövlət Pedaqoji Universitetinin müəllimləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri, Səməd Vurğunun ev-muzeyinin əməkdaşları və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Lalə Azəri