Ölkəmiz Qətərdə beynəlxalq konfransda təmsil olunub

Xəbər verdiyimiz kimi, iyunun 13-dən 17-dək Qətər Dövlətinin Doha şəhərindəki İslam İncəsənəti Muzeyində ərəb muzeylərinin fəaliyyətinə və inkişafına həsr edilmiş beynəlxalq konfrans keçirilib. Londonun Birləşmiş Kolleclər Təşkilatı və Qətər Milli Tədqiqat Fondunun dəstəyi ilə təşkil olunan konfransda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva təmsil ediblər.
Beynəlxalq tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşən Azadə Hüseynova bu qəbildən konfransın ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində keçirildiyini dedi. Bildirdi ki, budəfəki tədbirdə muzeylərin ölkə regionlarının inkişafına təsiri, muzeylərdəki kolleksiyaların nümayiş etdirilməsi, eksponatların tarixinin müəyyən olunması, şəxsi muzeylərin fəaliyyəti, muzey işinin daha effektiv inkişafına dair konsepsiyaların hazırlanması, müasir incəsənət muzeyləri üçün xüsusi proqramların təşkili və s. mövzular təqdim olunub, müzakirələr aparılıb. Konfransda Azərbaycan nümayəndə heyəti mühazirə ilə çıxış etməsə də, mühazirələr əsasında aparılan sual-cavablarda fəal iştirak edib: “Ölkəmizin muzey və qalereyaları, “YARAT” Müasir İncəsənət Məkanı ilə bağlı məlumat verdik. Həmçinin “Qloballaşma və muzeylər”, “Muzeylər və ictimaiyyət”, “Təhsil”, “İctimai muzeylər”, “Muzeydən kənarda”, “Muzey memarlığı və onun yerləşdiyi məkan” kimi mövzulara dair müzakirələrdə Azərbaycan tərəfinin də fikirləri nəzərə alındı”.
Tədbir çərçivəsində ərəb muzeyləri ilə işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə bir sıra görüşlər də keçirilib. Azadə Hüseynova İslam İncəsənəti Muzeyinin konservasiya laboratoriyasının müdiri Aristoteles Sakellariou ilə laboratoriyanın fəaliyyəti haqqında söhbət apardıqlarını və yalnız Azərbaycan nümayəndə heyəti üçün laboratoriyaya baxış keçirilməsinə icazə verildiyini vurğuladı: “Muzeyin konservasiya laboratoriyası və Azərbaycanın Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi arasında əməkdaşlığın qurulmasına tərəflər arasında böyük maraq var”.
Sektor müdirinin sözlərinə görə, İslam İncəsənəti Muzeyində Azərbaycanla bağlı eksponatlar da var: “Hələ 2010-cu ildə Qətərdə Azərbaycan mədəniyyət günləri keçirilərkən iki ölkənin muzeyləri arasında münasibətlərin yaradılması məqsədilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin şöbə müdiri, bərpaçı-rəssam Natiq Səfərov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynovla birgə Qətərə ezam olunmuşduq. O zaman Qətər Dövlətinin Muzeylər Birliyinin sədri Abdullah ən-Nəccar və İİM-nin rəhbərliyi ilə görüş keçirdik. Muzeydə böyük maraqla seyr etdiyimiz eksponatlar arasında Azərbaycan miniatür məktəbinin dahi nümayəndələri Soltan Məhəmməd, Mir Müsəvvir, Müzəffər Əli və Əli oğlu Qasımın əsərlərini gördükdə qəlbimizi qürur hissi bürümüşdü. Təbriz qrupuna aid Ərdəbilin “Ovçuluq”, “Ağaclı” və Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivi əsasında toxunulmuş xalçalarla bərabər, mis və gümüşdən döyülmüş, incə naxışlarla bəzədilmiş milli qablarımız muzeyin ən qiymətli kolleksiyaları sırasındadır. Lakin ekspozisiyada Azərbaycan mədəniyyəti ilə bağlı nümayiş olunan bir çox eksponatlar İran adı altında verilmişdi”.
Sektor müdiri səfər zamanı Londonun Birləşmiş Kolleclər Təşkilatının Qətər Əmirliklərindəki filialının məruzəçisi Karen Eksellə görüş keçirildiyini də qeyd etdi. Bildirdi ki, Britaniya mütəxəssisləri tərəfindən Azərbaycan üçün hazırlanacaq xüsusi muzey təhsili proqramı gələcəkdə dünyanın aparıcı universitetlərinin muzey fakültələrində tədris olunan fənlərin və müasir tədris metodlarının tətbiqinə və ümumilikdə bu sahədə təhsilin inkişafına gətirib çıxara bilər: “Bundan əlavə, bir sıra layihələrin həyata keçirilməsini nəzərdə tuturuq. İtaliyanın Mədəniyyət və Sənaye Fondu tərəfindən hazırlanmış AMİEX (Art and museum international exhibition xchange) beynəlxalq layihəsinin növbəti konfransının 2015-2016-cı illərdə Bakıda keçirilməsi, “Qafqaz amazonları” beynəlxalq layihəsinin tərkib hissəsi olaraq “Amazonların tarixi və Qafqazda irsi” mövzusunda sərginin təşkili, Misirin Tarixi Abidələr Nazirliyi tərəfindən hazırlanmış fironlar dövrünə aid səyyar sərginin Azərbaycanda nümayişi və s. layihələrin təşkili planlaşdırılır”.
Muzey işi üzrə beynəlxalq əlaqələrin, təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdıran həmsöhbətim bu sahədə ölkəmizdə son illərdə mühüm işlərin görüldüyünü vurğuladı. Bildirdi ki, dövlətin diqqət və qayğısı sayəsində Azərbaycanda muzey şəbəkəsi inkişaf edir, müxtəlif profilli muzeylər yaradılır. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işinə dövlət qayğısının parlaq təzahürüdür.
Dövlət başçısının 2009-cu il 22 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrası respublikada muzeylərin inkişafına təkan verib. Bakı şəhərində və ölkəmizin əksər regionlarında yeni muzeylər yaradılır, bu mədəniyyət ocaqlarına ziyarətçi sayı artır. Bu isə öz növbəsində mədəni turizmin inkişafına zəmin yaradır.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar