“Bu, Qara Qarayevin yaradıcılığına, Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür”

İyunun 20-də Moskvada dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin vaxtilə yaşadığı binada xatirə lövhəsinin təntənəli açılış mərasimi olub. Şəhərin Tryoxprudnı döngəsində bəstəkarın yaşayıb-yaratdığı evin fasadını bəzəyən xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxitektor Pyotr Kozlovdur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək bu hadisənin onun üçün xüsusilə əlamətdar olduğunu vurğulayıb: “Hər şeydən əvvəl ona görə ki, Qara Qarayev mənim müəllimim olmuşdur. Bir müəllim kimi mənim musiqi həyatıma yol açmış bu bəstəkarın işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaqdır. Sovet İttifaqında onun qazanmadığı fəxri ad qalmamışdır. Bununla belə Qara Qarayev həmişə çox ciddi və qayğıkeş bir insan idi. O, bu gün dünyada məşhur olan Azərbaycan bəstəkarlarının bütöv bir nəslini yetişdirmişdir”.
Səfir qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr möhkəmlənir və genişlənir.

“Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirilir”

Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov Rusiya paytaxtının meri Sergey Sobyaninin təbrik məktubunu oxuyub. Məktubda deyilir: “Bu gün Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirilir. Bizə çox xoşdur ki, xatirə lövhəsi Moskvanın belə bir tarixi yerində açılır. Azərbaycan ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər mövcuddur. Moskvadakı Azərbaycan diasporu millətlərarası münasibətlərin və dostluq əlaqələrinin inkişaf etdirilməsində bizim böyük tərəfdaşımızdır”.
Məktubda həmçinin belə bir fakt vurğulanır ki, artıq 36 ildir Moskvada Qara Qarayev adına musiqi məktəbi fəaliyyət göstərir.
Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Nikolay Malakov çıxış edərək iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq proqramının imzalandığını diqqətə çatdırıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Azərbaycan bəstəkarının xatirə lövhəsinin açılmasına göstərdikləri köməyə görə Moskva hökumətinə və Rusiya Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünü çatdırıb. Nazir deyib: “Bir neçə ay bundan əvvəl Bakıda Qara Qarayevin abidəsinin açılışı olmuşdur. Bu gün Moskvada belə bir memorial lövhənin açılması Qara Qarayevin yaradıcılığına, Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür”.
Nazir humanitar sahədə Azərbaycan ilə Rusiya arasında sıx əməkdaşlığın inkişaf etdiyini, nəticədə hər iki mədəniyyətin zənginləşdiyini vurğulayıb: “Çox istərdik ki, Azərbaycanda dahi rus bəstəkarlarının musiqisinin səsləndirildiyi kimi, Rusiya səhnələrində də Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının musiqisi daha tez-tez səsləndirilsin”.

“Gələcək musiqiçi nəsilləri Qara Qarayevin misilsiz əsərlərindən öyrənəcəklər”

Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyinin işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski mərasim iştirakçılarını təbrik edərək deyib: “Bu, təkcə sarsılmaz dostluğumuz üçün deyil, həm də bütün mədəniyyət aləmi üçün əlamətdar hadisədir. Böyük Qara Qarayev dünya musiqi xəzinəsinin sərvətidir. Onun məşhur İkinci simfoniyası postsovet məkanının hüdudlarından çox-çox uzaqlarda məşhurdur. Bugünkü və gələcək musiqiçilərin neçə-neçə nəsilləri Qara Qarayevin misilsiz əsərlərindən öyrənəcəklər”.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan L.Slutski qeyd edib ki, mədəni əməkdaşlıq həmişə bu münasibətlərin hərəkətverici qüvvəsi olub. Qara Qarayevin adının rəmz kimi, ümumi yaddaşımız kimi səsləndiyi çoxlu sayda musiqi forumu keçirilir.
Mərasimdə SSRİ xalq artistləri dirijor Vladimir Fedoseyev, Boris Akimov və başqaları çıxış ediblər.
Görkəmli bəstəkarın oğlu, Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından təşəkkür edib.
Açılış mərasimində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiyanın tanınmış siyasət, mədəniyyət və incəsənət xadimləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.
***
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfər gedişində fəxri qonaq qismində 36-cı Moskva beynəlxalq kinofestivalının açılış mərasimində də iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar