13-17 iyun tarixində Qətər Dövlətinin Doha şəhərindəki İslam İncəsənəti Muzeyində (Museum of İslamic Art) Londonun Birləşmiş Kolleclər təşkilatının (United College, London), Qətər Milli Tədqiqat Fondunun dəstəyi ilə ərəb muzeylərinin fəaliyyətinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Konfrans ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində ərəb təhsili mövzusunda keçirilib. Bu dəfə İslam İncəsənəti Muzeyində keçirilən konfransda muzeylərin ölkə regionlarının inkişafına təsiri, muzeylərdə qorunub saxlanılan kolleksiyaların nümayiş etdirilməsi, eksponatların tarixinin müəyyən olunması, muzey işinin daha effektiv inkişafına dair konsepsiyaların hazırlanması, müasir incəsənət muzeyləri üçün xüsusi proqramların təşkili və s. mövzularda müzakirələr aparılıb.
Doha şəhərində fəaliyyət göstərən İslam İncəsənəti Muzeyi (MİA), Müasir İncəsənət Muzeyi, Küveyt Muzeyləri, Bəhreynin Al-Xamis Məscid-Muzeyi, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətdə olan Luvr Abu Dabi muzeyləri ilə bağlı geniş təqdimatlar olub. Bundan əlavə, "Qloballaşma və muzeylər", "Muzeylər və ictimaiyyət", "Təhsil", "İctimai muzeylər", "Muzeydən kənarda" və s. mövzularda mühazirələr oxunub.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva iştirak ediblər. Ərəb muzeyləri ilə işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə görüşlər keçirilib. Azərbaycan nümayəndələri İslam İncəsənəti Muzeyinin konservasiya laboratoriyasının fəaliyyəti, burada yerləşən yüksək səviyyəli texniki avadanlıqla tanış olublar. Gələcəkdə İslam İncəsənəti Muzeyinin konservasiya laboratoriyası və ölkəmizin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi arasında əməkdaşlığın qurulmasına maraq bildirilib.
Londonun Birləşmiş Kolleclər Təşkilatının Qətər Əmirliklərindəki filialının məruzəçisi Karen Exellə görüşdə Azərbaycanın ali təhsil ocaqlarında muzey işi üzrə təhsilin gücləndirilməsi üçün xüsusi proqramın yaradılması ilə bağlı əməkdaşlığa dair razılıq əldə edilib.
Konfransın son günündə UNESCO-nun, İCOM-un nümayəndələrinin sədrliyi ilə dəyirmi masa keçirilib və UNESCO “Dünya mədəniyyət mirasları” siyahısında olan qoruq-muzeylər haqqında müzakirələr aparılıb.
Tədbir barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.