Elmi konfrans çərçivəsində tarixi materialın təmizlənməsi və bərpası üçün yeni avadanlıqların təqdimatı keçirildi

İyunun 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda IV respublika elmi konfransı keçirildi.
Konfransda akademiyanın Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutunun, eləcə də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və digər təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbirdən əvvəl Prezident yanında Elmin İnkişafı Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyində bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimatı oldu.
Mərasimdə çıxış edən MATM-in direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlı muzeyin fəaliyyətinə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, son illər həyata keçirilən tədbirlər nəticəsində muzeyin maddi-texniki bazası, eksponatların saxlanması və iş şəraiti xeyli yaxşılaşdırılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişaf etdirilməsi, mədəniyyətimizin, tariximizin təbliğində muzeylərin müstəsna rolundan danışdı. Qeyd olundu ki, ölkənin inkişafı üçün elmin inkişafı labüddür: “Bu texnologiyalar sayəsində məhv olmaq üzrə olan tarixi abidələrimizin bərpası, elmi-tədqiqatlar daha müasir üsullarla aparılacaq və bu da milli sərvətlərin qorunmasına yaxşı şərait yaradacaq. Mən bu addımı çox vacib və əhəmiyyətli hesab edirəm. Biz istərdik ki, gələcəkdə digər muzeylərimizdə də bu tipli avadanlıqlar quraşdırılsın”.
Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev muzeydə həyata keçirilən layihənin tariximizin öyrənilməsində əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin “Azərbaycan Qafqazın elm mərkəzinə çevrilməlidir” fikrini xatırladaraq bu yöndə atılan addımlardan birinin də reallaşdığını dilə gətirdi. Bildirdi ki, alınmış avadanlıq və qurğular ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Bundan sonra da Azərbaycan tarixinin, mədəniyyətinin inkişafı üçün davamlı olaraq yardım göstəriləcək.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da layihənin əhəmiyyətini diqqətə çatdırdı: “Ölkəmizdə mədəniyyət və turizmin inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçirilir. Azərbaycanın təbliği, tanıdılması üçün həm ölkəmizdə, həm də xaricdə bir sıra addımlar atılır. Milli-mədəni irsimizi təbliğ etməklə yanaşı, qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir muzeyin borcudur”.
Muzeylərin ölkə mədəniyyətini, tarixini, onun turizm potensialının tanıdılmasında xüsusi rolunu qeyd edən nazir müavini alınan yeni bərpa avadanlıqlarının mədəni irsin qorunmasına töhfələr verəcəyini vurğuladı.
Sonra konfrans işə başladı. İki seksiyada keçirilən konfransda “Gənc nəslin yetişməsində muzey pedaqogikasının rolu”, “Cənubi Qafqazda erməni təcavüzü, tarixi və onun muzey ekspozisiyasında nümayişi”, “Dövlət Bayrağı Muzeyinin dövlətçilik tarixinin təbliğində rolu”, “Muzeylərdə bələdçilik xidməti” və başqa mövzularda məruzələr dinlənildi. Həmçinin tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik tarixi, silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikasına dair çıxışlar oldu.
Qeyd edək ki, alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B. F.LLI Bertoncello” şirkətinin istehsalı olan Proxima mikro-qaynaq cihaz dəsti (bütün növ materiallar üzrə), İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultrasəs təmizləyici vannası və arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, habelə İtaliyanın “AnMo Electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin video-qeydiyyat cihazı və digər Avropa şirkətlərinin qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular var. Bu avadanlıq və qurğular istənilən növ tarixi materialın təmizlənməsi və bərpası üçün geniş imkanlara malikdir.
Sonda yeni avadanlıqlara baxış keçirildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar