“Bizim əməkdaşlıq, mədəni mübadilə, təcrübələrimizi bölüşmək üçün ümumi mövqelərimiz vardır”

İyulun 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları salamlayan nazir bu ilin may ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasında səfərdə olduğunu xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycan-Vyentam münasibətləri tarixində ilk belə yüksək səviyyəli səfər idi. Səfər zamanı ölkələrimiz arasında bir sıra sahələr üzrə sənədlər imzalanmışdır.
Nazir sözügedən səfərdən sonra Vyetnam nümayəndə heyətinin ölkəmizə gəlməsindən məmnunluğunu bildirdi: “Şadam ki, Vyetnamdakı həmin görüşlərin davamı, qarşılılıqlı əlaqələrin genişləndirilməsi üçün ilk olaraq ölkəmizə Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri gəlmişdir”.
İki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq sənədlərinin hazırlandığını diqqətə çatdıran Əbülfəs Qarayev qeyd etdi ki, sənədlər ikitərəfli əlaqələrin istiqamətini müəyyənləşdirəcək: “Bu sənədlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi ilə imzalanacaq. Vyetnam nümayəndə heyətinin ölkəmizə səfəri dostluq və əməkdaşlıq sahəsində mühüm addımdır. Bu əlaqələrin gücləndirilməsində fəallıq göstərən iki ölkənin səfirliklərinə də təşəkkürümü bildirirəm. Bizim əməkdaşlıq, mədəni mübadilə, təcrübələrimizi bölüşmək üçün ümumi mövqelərimiz vardır. Müasir mədəni qloballaşma dövründə bu cür əlaqələrin inkişafı çox vacibdir”.
Nazir həmçinin qeyd etdi ki, qonaqlar paytaxt Bakıdan savayı regionlara da səfər edəcək, ölkəmizlə yaxından tanış olacaqlar.
Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anh səmimi qarşılanmaya görə Əbülfəs Qarayevə təşəkkürünü bildirdi, xalqlarımız arasında dostluğun bundan sonra da davamlı olacağını vurğuladı. Prezident İlham Əliyevin rəsmi səfərinin ölkəsində unudulmaz təəssürat yaratdığını vurğulayan nazir, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Vyetnamla əlaqələrə böyük önəm verdiyini, bu ölkəyə göstərdiyi köməyi xatırlayaraq Vyetnam xalqının bunu heç vaxt unutmayacağını dedi.
Görüşdə Azərbaycan-Vyetnam əlaqələrinin perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Sonra iki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalandı. Sənədləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anh imzaladılar.

* * *
İyulun 2-də gənclər və idman naziri Azad Rəhimov da Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanda beynəlxalq yarışların keçirildiyini, idmançılarımızın müxtəlif növlər üzrə böyük uğurlar qazandığını diqqətə çatdıran nazir ölkəmizin bu sahədə təcrübəsini Vyetnam tərəfi ilə bölüşməyə, əlaqələri genişləndirməyə hazır olduğunu deyib. Nazir Vyetnam idmançılarını Azərbaycandakı olimpiya mərkəzlərində treninqlər keçməyə, müxtəlif idman yarışlarında iştirak etməyə dəvət edib. Vyetnamlı nazir əməkdaşlıq təklifini razılıqla qarşılayıb.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar