Dahi ingilis dramaturqunun 450 illiyinə həsr olunmuş müsabiqə başa çatdı

Xəbər verdiyimiz kimi, 2014-cü ildə bütün dünyada dahi ingilis dramaturqu Uilyam Şekspirin 450 illik yubileyi qeyd olunur. Əsrlər keçməsinə baxmayaraq, Şekspir bu gün də Britaniyanın ən mühüm mədəniyyət elçisi hesab edilir. Britaniya Şurasının (“British Council”) Azərbaycan nümayəndəliyi bu hadisə münasibətilə ölkəmizdə “Şekspir ili” elan edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “British Council”in birgə təşkilatçılığı ilə müəllim və şagirdlər arasında dahi ədibin yubileyinə həsr edilmiş müsabiqə keçirilib. Müsabiqənin məqsədi Uilyam Şekspirin irsini Azərbaycanda paylaşmaq, insanları onun əsərlərindəki müxtəlif mövzuları araşdırmağa həvəsləndirməkdir.
İyulun 2-də “Four Seasons” hotelində müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. “British Council”in layihə rəhbəri Gülşən Hüseynova müsabiqə haqqında geniş məlumat verdi. Bildirdi ki, aprel-may aylarını əhatə edən layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdə BŞTİ-yə daxil olan məktəblər fəal iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəisinin müavini Hüseyn Əsgərov ölkəmizdə təhsil sisteminə göstərilən diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, son illər təhsil sistemində islahatlar aparılaraq bir çox nailiyyətlər əldə olunub. Böyük ingilis şairi və dramaturqunun yaradıcılığını yüksək qiymətləndirən H.Əsgərov bildirdi ki, Nizami Gəncəvi Azərbaycan üçün necə böyük dühadırsa, Şekspir də Böyük Britaniya üçün elə bir şəxsiyyətdir. Hər iki dahi dünya ədəbi fikrinə bənzərsiz töhfələr verib.
Daha sonra qaliblərə mükafatlar təqdim olundu. Məlumat verildi ki, layihə çərçivəsində müəllimlər və şagirdlər üçün iki müsabiqə keçirilib. 38 müəllim “Uilyam Şekspir-450” mövzusunda onlayn resurslardan istifadə edərək dərs planı hazırlayıb və həmin dərsi tədris edib. Məktəblilər isə müəllimlərlə birgə Şekspirin əsərlərindən monoloq və səhnələr hazırlayaraq video müsabiqədə iştirak ediblər. Müsabiqəyə 28 məktəbdən 54 videoçarx təqdim olunub.
Onlayn resurslardan istifadə edərək ən yaxşı dərs planın hazırlanması üzrə müsabiqədə 189 saylı orta məktəbin müəllimi Xanım Qasımova, 59 saylı orta məktəbin müəllimi Xəyalə Əsədova, 244 saylı orta məktəbin müəllimi Bahar Kərimova, 304 saylı orta məktəbin müəllimi Ülkər Əliyeva qalib oldular.
Uilyam Şekspirin əsərlərində ibarət monoloq və səhnələr hazırlaması üzrə video müsabiqədə isə 244 saylı orta məktəbin ingilis dili müəllimi Bahar Kərimova və şagirdləri Əziz Manaflı, Sevinc Paşazadə, Aytac Hüseynova (1-ci yer), Heydər Əliyev adına liseyin müəllimləri Natəvan Bədəlova, Arifə Mustafayeva və şagirdləri Kamran İsmayılov, Nail Qasımzadə, Sevinc Cəfərova (2-ci yer), 189 sayılı orta məktəbin müəllimləri Yeganə Teymurova, Səbinə Əliyevaya və şagirdləri Mədinə Qurbanova, Aylin Qarayeva, Ayan Abdullayeva, Mehin Əsədova, İsmayıl Əsədov, Fuad Rüstəmov, Kamran Mahmudov (3-cü yer) qalib gəliblər.
Qaliblərə müxtəlif hədiyyələr, ödənişsiz IELTS imtahanı, Şekspirin əsərlərindən ibarət kitablar təqdim olundu. Bundan başqa, layihədə iştirak edən bütün müəllim və şagirdlərə dramaturqun əsərlərindən ibarət kitablar, iştirakçı sertifikatları verildi.
Xatırladaq ki, Uliyam Şekspir (1564-1616) dünya ədəbiyyatına “Hamlet”, “Romeo və Cülyetta”, “Maqbet”, “Otello”, “Kral Lir”, “12-ci gecə” və s. kimi şedevrlər bəxş edib. Bu gün də onun pyesləri dünyanın əksər dillərinə tərcümə edilərək səhnələşdirilir, bu əsərlər əsasında filmlər çəkilir.

Fariz Hüseynov