Müsabiqənin qalibləri mükafatlandırıldı
Xəbər verdiyimiz kimi, bu ilin mart-may aylarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Bakı: qeyri-adi foto” müsabiqəsi təşkil olunub. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan müsabiqənin əsas məqsədi fotolar vasitəsilə doğma şəhərimizin müasirliyi və tarixiliyinin əks etdirilməsi, foto sənətinin təbliğ olunması, eyni zamanda yeni istedadların cəmiyyətə təqdim edilməsidir.
İyunun 13-də Müasir İncəsənət Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Mərasimi Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu açaraq müsabiqə barədə məlumat verdi.
Daha sonra çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev gənc fotoqrafların bacarıqlarının üzə çıxarılması üçün davamlı layihələr həyata keçirdiklərini bildirdi. Bakının qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, habelə mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətini yüksək qiymətləndirdi.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova paytaxtın mədəniyyət və turizm ocaqlarının tanıdılmasına xidmət edən müsabiqənin uğurlu layihə olduğunu vurğuladı.
Sonra müsabiqənin nəticələri açıqlandı. Bildirildi ki, müsabiqəyə ilkin olaraq 41 nəfər qatılıb. Münsiflər heyəti bütün texniki şərtlərə, lazımi parametrlərə və mövzuya uyğun olan 20 nəfər iştirakçının 50 fotosunu seçib.
Onlardan üç nəfər qalib elan edilib. Vüqar İbadov I yerə, Cavid Həşimov II yerə, İlkin Kəngərli isə III yerə layiq görülüb. Daha beş nəfərə - Elşad Asəfov, Ruslan Məmmədov, Etibar Cəfərov, Araz Talıbov və Nadejda Cavadovaya həvəsləndirici mükafatlar verildi.
Qeyd edək ki, müsabiqəyə təqdim edilmiş fotolardan ibarət kataloq çap olunub. İlin sonunadək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar fotosərgilər təşkil olunacaq.
Fariz