“Yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu böyük idman bayramları eyni zamanda mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcək”

İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Görüş iştirakçılarını salamlayan Prezident müqəddəs Ramazan ayında bu cür görüşlərin artıq ənənə halını aldığını vurğulayıb: “Biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan ayında bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti vardır. Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik. Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək”.
Prezident Azərbaycanın müsəlman ölkələri ilə beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini, ölkələrimizin daim bir-birini dəstəklədiyini diqqətə çatdırıb: “Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir. Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk”.
Mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün də praktiki addımlar atıldığını vurğulayan dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolunu qeyd edib: “2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir.
Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir”.
Müsəlman ölkələrinin qədim və zəngin mədəniyyətinin olduğunu qeyd edən Prezident İlham Əliyev bu zəmində əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif ölkələrdə mütəmadi olaraq Azərbaycan günlərinin, mədəniyyət tədbirlərinin keçirildiyini bildirib: “Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əlbəttə ki, bu, böyük idman bayramı olacaq. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcək.
Bir sözlə, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcəkdir. Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı var. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq”.
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək qəbula görə təşəkkürünü bildirib, Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin diplomatları adından dövlət başçısına və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar