Beynəlxalq elmi konfrans başa çatdı

Xəbər verdiyimiz kimi, iyulun 8-9-da Bakıda “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Müəllif Hüquqları Agentliyinin birgə təşkil etdiyi tədbirin birinci günü “JW Marriott Absheron” hotelində gerçəkləşdi.
İyulun 9-da konfrans “Ramada” hotelində bölmə iclasları ilə davam etdi, məruzələr dinlənildi.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli “Milli xüsusiyyətlər və universal tendensiya (ənənəvi stereotiplər kontekstində problemə baxış) adlı məruzə ilə çıxış etdi. Milli-mədəni dəyərlərin, adət-ənənələrin cəmiyyətin inkişafında rolundan danışan məruzəçi bu dəyərlərin qloballaşan dünyada bəzən arzuolunmaz təsirlərə məruz qaldığını qeyd etdi: “Cəmiyyətin və dövlətçiliyin inkişafında milli dəyərlərin xüsusi yeri var. Millilik hər bir xalqın başlıca keyfiyyətidir. Lakin bu milli xüsusiyyətlər millətçiliyə çevrilməməlidir. Belə radikal, millətçilik mövqelərin etnik münaqişələr yaratdığının şahidi oluruq”. Bu gün Azərbaycanda tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu, müxtəlif millətlərin, etnik qrupların mehriban şəraitdə yaşadığını bildirən məruzəçi bu yaşam tərzinin azərbaycançılıq ideologiyasında sıx birləşdiyini və xalqımızın yaddaşına hopmuş tarixi keçmişdən qaynaqlandığını vurğuladı.
“Müxtəlif ölkələrdə insanlar arasında mədəni qarşılıqlı əlaqə üçün memarlığın və müasir interpretasiyasının əhəmiyyəti” mövzusunda məruzə edən incəsənət və memarlıq üzrə fəlsəfə doktoru, Türkiyə Heykəltəraşlar Assosiasiyasının sədri Alim Korkmaz birgə yaşam tərzinin Türkiyə modelindən danışdı. Qardaş ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələrinin uzun əsrlər boyu yanaşı yaşadıqlarını dilə gətirdi. Bildirdi ki, Türkiyədəki memarlıq abidələrində, incəsənət nümunələrində bunu aydın görmək olar: “Türkiyədə islam, xristian və digər dinlərə mənsub olan insanlar mehriban, dostluq şəraitində yaşayır”. A.Korkmaz Ermənistanın tarixi Azərbaycan torpağı Qarabağı işğal etməsi nəticəsində ümumtürk mədəniyyətinin bir hissəsinin vəhşicəsinə dağıdıldığını konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Sosiomədəni Ekspert Mərkəzinin baş direktoru, pedaqoji elmlər namizədi Natalya Kryukova (Rusiya) “Davamlı inkişafyönmlü cəmiyyətdə “yaddaş siyasəti” və “mədəni yaddaş strategiyası” mövzusunda məruzə ilə çıxış etdi. Qloballaşan dünyada davamlı inkişafın təmin edilməsi məqsədilə cəmiyyətdə tolerant münasibətlərin inkişaf etdirilməsinin xüsusi önəm daşıdığını qeyd edən N.Kryukova xalqların mədəni yaddaşının onların dini, tarixi inkişafının nəticəsi olaraq ortaya çıxdığını bildirdi. Dünyada informasiya mühitinin genişlənməsi şəraitində bu əlaqələrin daha da yaxınlaşdırılması üçün böyük addımların atılmasının vacibliyini vurğuladı.
Konfransda Azərbaycan Turizm İnstitutunun dosenti Vüsalə Məmmədzadənin “İşğal edilmiş ərazilərdə tarixi memarlıq abidələri və muzeylərin vəziyyəti”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi katibi Əbülfəz Babazadənin “Davamlı inkişafa çatmağın Şərq modelləri”, Belqrad İncəsənət Universitetinin professoru, fəlsəfə doktoru Divna Vuksanoviçin “Medianın davamlı inkişaf mədəniyyətində rolu” məruzələri, digər iştirakçıların çıxışları dinlənildi.
İştirakçılar bu mövzuda tədbirin gələcəkdə digər ölkələrdə də keçirilməsinin, vacibliyini vurğuladılar. Sonda konfransın himni təqdim olundu. Himnin sözləri Rusiya Federasiyası Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədova, musiqisi Moldovaının UNESCO üzrə Milli Komissiyasının baş katibi Konstantin Rusnaka məxsusdur.
Qeyd edək ki, konfransda təqdim olunan məruzələr kitab şəklində nəşr olunacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar