Beynəlxalq Jurnalistlər Federasiyası bu sahəyə dəstək məqsədilə layihə həyata keçirəcək
İyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən “Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirildi.
Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq ölkədəki jurnalist həmkarlar təşkilatlarının fəaliyyətindən danışdı. Qeyd olundu ki, bir neçə belə qurumun olmasına baxmayaraq, onların fəaliyyəti qənaətbəxş deyil: “Əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur. Bu da jurnalistlilərin fəaliyyətində çətinliklər yaradır. Jurnalistlərin hüquqları qorunmalı, əmək müqaviləsi bağlanmalıdır. Həmkarlar təşkilatları olarsa, bu kimi problemlər aradan qalxar.
İstəyimiz budur ki, Azərbaycanda güclü bir həmkarlar ittifaqı yaransın. Bu, jurnalistikamızın inkişafına səbəb olacaq. Həyata keçiriləcək bu işlərdə Beynəlxalq Jurnalistlər Federasiyası redaksiyalarımıza kömək edəcək”.
Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Kyrle təmsil etdiyi təşkilatın iş prinsiplərindən danışdı. Qeyd etdi ki, mərkəzi Brüsseldə yerləşən qurum 1926-cı ildə sosial ədalət, demokratiya, insan hüquqları, yoxsulluqla mübarizə və başqa sosial problemlərlə mübarizə aparan jurnalistlərin birliyi kimi yaranıb. Bu gün 600 mindən çox üzvü olan federasiyanın 100-dən artıq ölkədə nümayəndəlikləri var: “Jurnalistlər arasında həmrəyliyin yaranması və əməkdaşlığın formalaşması əsas məqsədlərimizdən biridir. Hər bir ölkədə milli jurnalist həmkarlar ittifaqını yaratmaq istəyirik. Bunun üçün həmin ölkələrdə yaxşı media qanunları və şərait olmalı, jurnalistlər üçün təlim institutları yaradılmalıdır. Bakıda və regionlarda olan bir neçə jurnalist həmkarlar təşkilatı ilə görüşmüşük. Jurnalist həmkarlar təşkilatlarının arasında əlaqələr olduqca zəifdir. Layihə üç il müddətinə nəzərdə tutulub və Avropa Komissiyası tərəfindən maliyyələşdirilir”.
Beynəlxalq Jurnalistlər Federasiyasının əməkdaşı Adrien Collin həyata keçiriləcək layihə haqqında məlumat verdi: “Növbəti günlərdə Azərbaycanda jurnalistlər arasında keçirəcəyimiz təlim 2 həftə davam edəcək. Jurnalistlər xarici ölkələrdən gələn həmkarları ilə birgə fikir mübadiləsi aparmaqla yanaşı, öz sahələri üzrə bir çox yeni biliklərə yiyələnəcəklər. Təlimi uğurla başa vuran jurnalistlər öz ölkələrində təlimçi olacaqlar. Sonrakı təlim həmkarlar ittifaqında yaradılacaq özək təşkilatlar üçün keçiriləcək. Təlimlər zamanı biz kollektiv müqavilənin hazırlanması və tətbiqi barədə bilgi, hüquqi dəstək verəcəyik”.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin əhəmiyyətindən danışdı, həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsinin günün tələbi olduğunu dedi.
Fariz Hüseynov