Yeni müqavilə muzey işi sahəsində əməkdaşlığa əlavə zəmin yaradacaq

İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə müqavilə imzalandı.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışdı. Qeyd olundu ki, musiqi, teatr, kitabxana və s. sahələrlə yanaşı, muzey işi sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanın incəsənət nümayəndələri Belarusda keçirilən müxtəlif musiqi, rəssamlıq, teatrla bağlı festival və müsabiqələrdə iştirak edir, bu dost ölkənin mədəni mühiti ilə əməkdaşlığı davam etdirirlər. Belarus və Azərbaycan muzey işçilərinin qarşılıqlı əlaqələri, təcrübə mübadiləsi də davam edir: “Bu gün iki muzeyin aktiv əməyinin nəticəsi olaraq yeni bir sənədin imzalanmasının şahidi oluruq”.
Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, o cümlədən muzey işinin inkişafına diqqət və qayğısından danışan nazir müavini bu gün həmin siyasətin ölkə başçısı İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Azərbaycanda muzey işinin yaxşılaşdırılması ilə bağlı verilən sərəncamlar, muzeylərin inkişafı ilə bağlı həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verildi. Qeyd olundu ki, son illərdə ölkəmizdə muzeylərin sayı artıb, bir sıra muzeylərdə yenidənqurma və bərpa işləri aparılıb, onların maddi-texniki bazası möhkəmləndirilib, ekspozisiyalar yenilənib, regionlarda yeni muzeylər yaradılıb. Dövlət başçısının Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun inşasına bilavasitə nəzarət etdiyini və açılış mərasiminə qatıldığını xatırladan Sevda Məmmədəliyeva muzeyin son illərdə qazandığı nailiyyətlərdən də söz açdı.
Tədbirdə çıxış edən Belarus Respublikasının Milli Bədii Muzeyinin baş direktoru Vladimir Prokoptsov müqavilənin imzalanmasının mühüm hadisə olduğunu dedi, sənədin müvafiq sahədə əlaqələrin daha da genişlənməsinə, təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Mədəni dialoqun vacibliyindən danışan qonaq Azərbaycanda muzey işi təcrübəsini, son dövrdə Milli İncəsənət Muzeyində görülən işləri yüksək qiymətləndirdi. Elmi əməkdaşlığın vacibliyindən də söz açan V.Prokoptsov Azərbaycanın muzey işçilərinin öz təcrübələrini belaruslu həmkarları ilə bölüşməsini arzu etdiyini bildirdi.
Belarusun ölkəmizdəki səfirliyinin müşaviri Dmitri Qorbaçov müqavilənin əhəmiyyətini vurğulayaraq Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.
Çıxışlardan sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Belarusun Milli Bədii İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov əməkdaşlıq müqaviləsini imzaladılar. Müqavilə muzey işi ilə bağlı konfransların, simpoziumların, treninqlərin keçirilməsini, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işində kadrların ixtisaslarının artırılması, müasir texnologiyaların tətbiqi, marketinq sahəsində təcrübə mübadiləsi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və digər məsələləri əhatə edir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar