“Təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. İyulun 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Mingəçevir şəhərləri, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından vətəndaşları qəbul etdi.

Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dan çox vətəndaş qəbula yazılmışdı.
Qəbula gələnlərin xahiş və təklifləri tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin, xalq oyunları müsabiqəsinin və folklor festivallarının keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı idi.
Qax rayonunun Qum kəndində yarımçıq qalmış mədəniyyət evinin tikintisinin başa çatdırılması, rayonun Əlibəyli kəndində Dövlət Gürcü Dram Teatrı üçün yeni binanın tikintisi, Şəki şəhərindəki “Sənətkar evi”nin Mədəniyyət və Turizm Şöbəsinin balansına verilməsi, Şəkidəki tarix və mədəniyyət abidələrinin turizm marşrutuna daxil edilməsi barədə müraciətlər səsləndirildi. Vətəndaşlar, həmçinin Qax rayonunda qədim dövrlərə aid Sarıca-Minbərək nekropolunun yerləşdiyi ərazidə qoruğun yaradılması, Ləkit kəndində alban məbədlərinin bərpası, Zaqatala şəhərində Mədəniyyət mərkəzinin yaradılması, Balakən rayonunda beynəlxalq festivalın keçirilməsi, turizm layihələri və digər məsələlərlə bağlı təkliflər verdilər.

Xahişlər, təkliflər...

Biz də qəbula gəlmiş bir neçə vətəndaşın fikirlərini öyrəndik.
Mingəçevir şəhər Tarix Muzeyinin bələdçisi Mehmanə Səlimova muzeyin yeni bina ilə təmin olunması xahişilə nazirə müraciət etdiyini bildirdi: “1985-ci ildən fəaliyyət göstərən bina, mövcud ekspozisiya günün tələblərinə cavab vermir. Bu da muzeyin fəaliyyətində çətinlik yaradır, ziyarətçilərdə maraq doğurmur. Cənab nazirdən xahiş etdim ki, əgər mümkün olarsa, bizi yeni muzey binası ilə təmin etsinlər. Biz də öz fəaliyyətimizi daha həvəslə davam etdirərdik. Nazir bildirdi ki, yaxın zamanlarda muzey yeni bina ilə təmin olunacaq”.
Zaqatala sakini Məmməd Məmmədov isə rayonda xalq oyunları müsabiqələrinin keçirilməsini istəyir: “Xalqımızın gözəl adət-ənənələri, zəngin folklorumuzdan süzülüb gələn müxtəlif xalq oyunları var. Bu bölgə də belə nümunələrlə zəngindir. Həmin oyunların bəziləri artıq unudulmaq üzrədir. İstəyirik ki, yadımızda qalan, bildiklərimiz oyunların həm rayon, həm də respublika səviyyəsində müsabiqələri keçirilsin və beləliklə, öz milli irsimizi gələcək nəsillərə çatdıraq. Cənab nazir təklifi bəyəndi. Bildirdi ki, bu barədə ətraflı məlumatlar toplayın, bütün oyun qaydalarını yazın, eləcə də oyunların videoyazısını hazırlayaq nazirliyə göndərin”.
Ağdaş rayon Mədəniyyət evinin rejissoru Xalid Zamanovun müraciəti xalq teatrı üçün müxtəlif səhnə əşyalarının verilməsi barədə idi: “Mədəniyyət evində fəaliyyət göstərən xalq teatrının bir sıra səhnə ləvazimatlarına, aksesuarlara ehtiyacı var. Səhnə tərtibatımız, geyimlərimiz yaxşı vəziyyətdə deyil. Cənab nazir bununla bağlı müraciətimizi diqqətlə dinləyərək bildirdi ki, lazımi köməklik göstəriləcək”.

Əhali ilə keçirilən hər görüşün əhəmiyyəti var

Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edərək vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsinin təqdirəlayiq olduğunu vurğuladı: “Bugünkü qəbulda abidələrin bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Bu bölgə tarixi abidələrinin zənginliyi ilə seçilir. Biz bu təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq”.
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, musiqi və incəsənət məktəblərində təhsilin təşkili, azsaylı xalqların mədəni irsinin inkişaf etdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirdi: “Tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin ixtisaslı müəllimlərlə təmin olunması işini daha da gücləndirəcəyik. Eləcə də tarixi abidələrin bərpası, turizmin inkişaf etdirilməsi prioritet məsələlərdir”.
Nazir sosial məsələlərlə bağlı müraciətlərin də lazımi instansiyalara çatdırılacağını, qaldırılan əhəmiyyətli məsələlərin tezliklə həlli istiqamətində addımlar atılacağını dedi.

Mədəniyyət və turizm şöbələrinin işi günün tələblərinə uyğun qurulmalıdır

Vətəndaşların qəbulu başa çatandan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirildi. Müşavirədə çıxış edən nazir qarşıda duran vəzifələr və görüləcək işlərdən danışdı.
Qeyd olundu ki, bundan öncə digər bölgələrdə vətəndaşlarla görüşlərdən sonra ənənəvi olaraq keçirilən müşavirələrdə qaldırılan məsələlər bu bölgə üçün də prioritetdir. Mədəniyyət və turizm şöbələri öz işini günün müasir tələblərinə uyğun şəkildə qurmalıdır: “Biz bütün sahələrdə olduğu kimi, ölkəmizin mədəniyyətini, turizmini də sürətlə inkişaf etdirməliyik. Bunun üçün ölkəmizin imkanları var. Yeni yollar salınır, infrastruktur layihələri həyata keçirilir. İşləmək üçün gözəl şərait yaradılır. Biz də öz növbəmizdə əhaliyə mədəni xidmətlərin səviyyəsini, keyfiyyətini və miqyasını daha da artırmalıyıq”.
Müasir dövrdə informasiya cəmiyyətinin formalaşdığını deyən Əbülfəs Qarayev görülən bütün işlərin, keçirilən tədbirlərin internet və başqa kütləvi informasiya vasitələrində yayılmasının vacibliyini diqqətə çatdırdı.
Nazir ölkəmizin turizm potensialından daha da geniş və səmərəli istifadə edilməsinə diqqət çəkərək, görülən bütün işlərin müasir standartlara çatdırılmasının, ətraf mühitin, tarixi abidələrin qorunmasının vacib olduğunu bildirdi: “Son illər ölkəmizin turizm potensialı inkişaf edir, xarici turistlərin sayı artır. Ölkəmizə gələn qonaqlara xalqımızın böyük mədəniyyətini, tolerantlığını, qonaqpərvərliyini təqdim etməliyik. Bu işdə mədəniyyət müəssisələrinin kollektivləri yaxından iştirak etməlidir. Turizm obyektlərində musiqimizi, milli rəqslərimizi, milli yeməklərimizi, adət-ənənələrimizi təqdim edən proqramlar təşkil olunmalıdır. Bununla insanlar həm əlavə iş yerləri tapacaq, həm də ölkəmizin təbliği üçün müəyyən işlər görülmüş olacaq”.
Müşavirə müzakirələrlə davam etdi. Mədəniyyət və turizm şöbələrinin, mədəniyyət müəssisələrinin rəhbərlərinin təklif və çıxışları dinlənildi, fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.
Müşavirədən sonra nazir Əbülfəs Qarayev Qax rayonu mərkəzindəki Cümə məscidinə və Qax Dövlət Kukla Teatrına baş çəkdi, teatrda gedən təmir işləri ilə maraqlandı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar