Layihə çərçivəsində gənclərlə görüş
Gənclər Fondunun dəstəyi ilə paytaxtın Nizami rayonundakı 129 saylı orta məktəbdə "Milli Qəhrəmanlarımızı tanı!" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.
Yerli icra hakimiyyəti nümayəndələrinin, KİV və QHT təmsilçilərinin iştirak etdiyi tədbiri layihə rəhbəri Sevinc Nəcəfova açıb. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü naminə savaşa atılaraq şərəfli döyüş yolu keçən və bu gün də xalqına, vətəninə xidmət edən Milli Qəhrəmanlarımızı gənclərimizə tanıtmaqdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında, tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövrün aktual tələbidir. Layihə çərçivəsində hazırda həyatda olan Milli Qəhrəmanlarımızın keçdiyi döyüş yolu, onların hazırkı fəaliyyəti ilə bağlı məlumatverici bukletlər və videoroliklər hazırlanıb.
Görüşdə Milli Qəhrəman Vahid Quliyev gənclərə keçdiyi döyüş yolundan danışıb. O, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi naminə yenidən döyüşə getməyə hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, "Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova, 129 saylı orta məktəbin direktoru Samir Mehdizadə və başqaları çıxış edərək bildiriblər ki, gənclər xalqımızın tarixi, yaşadığı faciələr haqqında məlumatlı olmaqla yanaşı, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərən Milli Qəhrəmanlarımızı da yaxından tanımalı və onlardan nümunə götürməlidirlər. Çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün örnəkdir.