Avqustun 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu tərəfindən şair-publisist German Hüseynovun “Qeyb olmuş şəhərin oyaq yaddaşı” (4-cü və 5-ci cildlər) və “Gedirəm qürbət ellərə” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə tanınmış ziyalılar, incəsənət xadimləri, birinci Qarabağ müharibəsinin iştirakçıları və şairin yaxınları iştirak edirdilər.
Şair-publisist German Hüseynov çıxış edərək kitablarının ərsəyə gəlməsindən, əsərlərinin ruhunun Ağdamdan, Qarabağdan qidalandığından danışdı. Bildirdi ki, əvvəlki əsərlərində olduğu kimi bu kitablarını da yenə Ağdama, eləcə də işğal olunmuş digər yurd yerlərimizə həsr edib: “Ağdam mənim üçün zaman-zaman işğal olunmuş digər torpaqlarımızın ümumiləşmiş obrazıdır. Bir müharibə iştirakçısı kimi çalışmışam ki, bu kitablarımla qəhrəmanlıq göstərən insanları, onların həyatını qələmə alaraq gələcək nəsillərə çatdırım”.
Şair Ənvər Əhməd çıxış edərək German Hüseynovun bədii zövqündən, onun yaradıcılığının əsasını təşkil edən vətən məhəbbətindən danışdı: “Germanın əsərləri tam səmimiyyət üzərində qurulub. Bu səmimiyyətlə yanaşı, German öz əsərlərini sadə dildə, heç bir siyasi rəng qatmadan qələmə almışdır. Dövlətimizi, millətimizi firavan görmək istəyi, tarix boyu işğal olunmuş ərazilərimizin işğaldan azad olunması, insanların bir-birinə məhəbbətlə yanaşması onun əsərlərinin qayəsini təşkil edir”.
Digər çıxış edənlər də German Hüseynovun əsərlərini Qarabağ müharibəsi iştirakçılarının həyat yolunun işıqlandırılmasında görülmüş mühüm işlər kimi xarakterizə etdilər. Bildirdilər ki, şair-publisistin əsərləri çağdaş ədəbiyyatımızın ən parlaq realist nümunələrindən sayıla bilər. O öz yaradıcılığı ilə real qəhrəmanların real obrazlarını, duyğu və düşüncələrini yüksək bədii zövqlə qələmə almağı bacarır.
Qeyd edək ki, German Əli oğlu Hüseynov 1962-ci il noyabrın 13-də Ağdam rayonunda dünyaya gəlib. Şair-publisist “656№-li qatar”, “Könlüm sevgi zindanı”, “Ruhum Ağdamda qaldı”, “Bu il də tut yemədik”, “Əzizbəyov küçəsi ev 57”, “Sən mənim əbədi məhəbbətimsən” adlı şeir kitablarının müəllifidir.
Fariz Hüseynov