Görkəmli maestronun mənzil-muzeyində “açıq qapı” günü keçirildi

Avqustun 20-si görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun ad günüdür. Həmin gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Doğum günü münasibətilə maestronun mənzil-muzeyində “açıq qapı” keçirildi. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək maestronun həyat və yaradıcılığından geniş söhbət açdı. Muzeyin direktoru Rza Bayramov ziyarətə gələnlərə Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında ətraflı məlumat verərək onun dünya musiqi tarixində xidmətlərindən danışdı.
Qeyd olundu ki, muzeyin kollektivi hər il olduğu kimi bu il də 20 avqust tarixinə xüsusi hazırlaşıb. Muzeydə gün ərzində maestronun əsərləri səslənib, konsertlərindən fraqmentlər, haqqında çəkilən sənədli filmlər, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər nümayiş olunub. Digər günlərə nisbətən bu tarixdə muzeyə gələn ziyarətçilərin sayı da çox olur. Ziyarətçilər Niyazinin yaşadığı mühitlə tanış olur, Azərbaycanın musiqi dünyasına səyahət edirlər: “Çalışırıq ki, dahi musiqiçi haqqında muzeyə gələn ziyarətçiləri məlumatlandıraq, gənc nəslə tariximizdə iz qoyan sənətkarın yaradıcılığı və şəxsiyyəti haqqında geniş məlumat çatdıraq. “Açıq qapı” günündə muzeyimizi musiqisevərlərlə yanaşı, məktəblilər də ziyarət edirlər. Bu da gələcək nəsillərin klassik irsimizə olan marağının bariz nümunəsidir”.
Bildirildi ki, muzeydə maestroya məxsus 6200-dən çox eksponat qorunur. Bura şəxsi əşyalar, not yazıları, qrammofon valları, kitablar və s. daxildir. Muzey yaradılarkən bu əşyaların sayı 4707 ədəd olub.
Sentyabrın 18-də muzeyin 20 yaşı tamam olur. Bu ərəfədə muzeyə müxtəlif eksponatlar hədiyyə edilib. Dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa Bağırova-Qarayeva Niyazinin vaxtilə xarici qastrol səfərlərindən atasına göndərdiyi açıqcalar və Londondan göndərdiyi iki məktubu, həmçinin Əməkdar incəsənət xadimi, violonçel ifaçısı Eldar İsgəndərov Türkiyədə Niyazi haqqında dərc edilən materialları muzeyə təqdim edib. Bu hədiyyələr muzeyin fondunu daha da zənginləşdirəcək. Niyazi klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün əsl mənasında, davamçısı olmaqla öz gərgin əməyi və istedadı nəticəsində Hacıbəylilər nəslinin görkəmli nümayəndəsinə çevrilib. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, möhkəm iradə onun yaradıcılığı üçün səciyyəvidir.
Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında, ifaçılar nəslinin yetişməsində Niyazinin böyük xidmətləri olub.
“Açıq qapı” çərçivəsində musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət edirdilər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar