Bükülmüş xalça formasında inşa olunan bina orijinal memarlıq nümunəsi kimi Bakının yeni rəmzlərindən birinə çevriləcək

Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə xalça sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin unikal nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Avstriyalı memar Frans Yantsın layihəsi əsasında orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlərlə bağlı məlumat verib.
Qeyd olunub ki, hazırda muzeyin sərgi və fondlarında 13 mindən çox eksponat və əşya saxlanılır. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət olunmuş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçaların konservasiyası üzrə mütəxəssisi Louise Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur. Xalça və xalça məmulatları, metal məmulatları, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət unikal kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb. Muzeydə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüzillərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunur.
Dövlət başçısı açılış mərasimində çıxış edib. Prezident İlham Əliyev muzeyin həm daxili, həm xarici tərtibatı ilə fərqləndiyini, layihənin unikallığı ilə seçildiyini diqqətə çatdırıb: “Azərbaycanın çox zəngin və qədim memarlıq əsərləri var, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası bizim milli sərvətimizdir. Eyni zamanda, son illərdə Bakının müasir memarlıq nümunələri də göz oxşayır. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılmışdır. Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Xalça Muzeyinin binası da bu sıradadır. Bina öz nadirliyi ilə seçilir. Bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır”.
Azərbaycanın xalça sənətinin vətəni olduğunu vurğulayan Prezident gənc nəslin bu qədim sənətə maraq göstərməsi üçün ardıcıl tədbirlər görülməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu gün bölgələrimizdəki Heydər Əliyev Mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir və bu, xalçaçılıq sənətinin yaşadılmasına və inkişafına zəmin yaradır.
Mərasimdə çıxış edən akademik Teymur Bünyadov, xalçaçı-rəssam, dosent Məmmədhüseyn Hüseynov, Xalça Muzeyinin direktoru Röya Tağıyeva xalçaçılıq sənətinin xalqımızın bəşəriyyətə təqdim etdiyi şah əsər olduğunu bildiriblər. Ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması istiqamətində gördükləri işləri yüksək qiymətləndiriblər. Çıxış edənlər ad günü münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıblar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən xalçalara, yeni binanın yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxıblar.
Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, işləmə texnikalarını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir. Muzeyin “qızıl” fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə Azərbaycanın 7 əsas - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsvirini, bitkilərin ornamentlərini, xalqın həyatını təsvir edən süjetli motivləri ilə bəzənib. Muzeyin kolleksiyasında kompozisiya silsiləsi, motivlərin orijinallığı və gözəl koloriti ilə fərqlənən palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin xalça məmulatları - məfrəşlər, çullar, xurcunlar, corablar və rəngarəngliyinə və toxuma texnikasına görə seçilən bir çox eksponatlar təqdim olunur. Muzeyin kolleksiyasında və ekspozisiyasında digər unikal eksponatlar - bədii naxış tikmələri, parçalar və milli geyimlər, həmçinin metal, keramika, şüşə məmulatlardan və çini qablardan ibarət əl işləri nümayiş və mühafizə olunur.
Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərində əks olunduğunu göstərir. Burada həmçinin Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının sürəti də var. Ekspozisiyada sərgilənən və saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş dünya şöhrətli kompozisiyalara rast gəlmək mümkündür. Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır, bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək olur. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkün olacaq.
Dövlət başçısı və xanımı muzeydə fəaliyyət göstərən suvenir mağazası ilə də tanış olublar. Muzeylə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar