Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib.

Ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlərin müzakirə olunduğu müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Prezident Administrasiyasının rəhbəri müşavirədə geniş məruzə ilə çıxış edib. Ramiz Mehdiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun yüksəldiyini qeyd edib, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb, həmçinin kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışıb.
Qeyd olunub ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq üçün ciddi səy göstərirlər. Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilmədiyini nümayiş etdirib. Vurğulanıb ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.
Məruzəçi qeyd edib ki, medianın ən mühüm funksiyalarından biri milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir.
Tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Novruz Məmmədov, Əli Həsənov, Şahin Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, dövlət orqanlarının mətbuat xidmətləri və kütləvi informasiya vasitələrinin rəhbərləri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar