Lerikdə keçirilən “Uzunömürlülər festivalı” iştirakçılara xoş məqamlar bəxş etdi

Sentyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçirildi. Lerik rayonu uzunömürlülər diyarı kimi təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da tanınır.

Bu baxımdan belə bir festivalın Lerikdə təşkil olunması təsadüfi deyil. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Lerik və qonşu rayonların ictimaiyyət nümayəndələri, eləcə də paytaxt Bakıdan media mənsubları və sənət adamları qatılmışdı. Tədbir çərçivəsində ölkənin 8 bölgəsinin mətbəxini əhatə edən plov festivalı da keçirildi.
Festivalda iştirak edən qocaman Lerik sakinlərini və bütün iştirakçıları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda belə bir tədbirin ilk dəfə keçirildiyini diqqətə çatdırdı, gələcəkdə bu festivalın ənənəyə çevriləcəyini bildirdi: “Lerik uzunömürlülərin diyarıdır. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman bu bölgənin inkişafına xüsusi diqqət ayırır. Yeni yollar çəkilir, abadlıq işləri aparılır. Bütün bunlar insanların həyat şəraitini yaxşılaşdırır, onların daha çox yaşamasına stimul verir. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşı uzun ömür yaşasın, biz də belə tədbirlərin sayını artıraq”.
Nazir onu da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın bölgələrinin tanıdılmasına və beləliklə də xarici turistlərin təkcə paytaxta deyil, həmçinin də regionlara maraq göstərməsinə zəmin yaradır: “Festivalın keçirilməsi respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır”.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, bu bölgə uzunömürlülərin vətəni kimi dünyada məşhurdur: “Lerikdə respublikamızda yeganə olan «Uzunömürlülər muzeyi” fəaliyyət göstərir. Festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini də nəzərə alaraq məkan olaraq buranı seçdik. İnşallah, növbəti illərdə də ölkə rəhbərliyinin dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə bu festivalı davamlı olaraq keçirəcək, iştirakçıların sayını və əhatə dairəsini genişləndirəcəyik».
Sonra festival iştirakçılarının çıxışları oldu. Mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçirilən festivalda kitab, foto və rəsm sərgiləri də təşkil olunmuşdu. Azərbaycanın müxtəlif bölgələrindən - Lənkəran, Balakən, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların qatıldığı tədbirdə uzunömürlülərdən ibarət «Rəfti», «Nənələr» folklor kollektivlərinin, həmçinin respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı ilə konsert proqramı təqdim olundu.
Festivalda «Salnamə» kinostudiyasının istehsalı olan «Əsrə sığmayan həyat» filmi də nümayiş etdirildi.
Günün sonunda Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə keçirilən plov festivalının qalibləri elan olundu. Bu yarışmada 8 rayonunun - Lerik, Masallı, Cəlilabad, Salyan, Astara, Yardımlı, Biləsuvar və Lənkəran kulinarlarının hazırladığı 33 növ plov və rayonların özünəməxsus mətbəxi nümayiş etdirilirdi.
Milli Kulinariya Mərkəzinin ekspertləri tərəfindən plovlar qiymətləndirildikdən sonra qaliblərə medallar, fəxri diplomlar və festivalın sponsorları tərəfindən mükafatlar təqdim olundu. Plov festivalında birinci yeri ev sahibi Lerik rayonu (usta aşpaz Hacı Zərrup), ikinci yeri Masallı, üçüncü yeri Cəlilabad rayonu tutdu. Festivalın fərdi qalibləri isə Astara, Lənkəran və Salyan rayonlarının aşpazları oldu.
Tədbirin sponsorları Lerik Rayon İcra Hakimiyyətinə, «Relax» istirahət mərkəzinə, «Millennium» turizm şirkətinə, «Azersun Holdinq»ə və «Septr» şirkətinə Milli Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edildi.
Festival incəsənət nümayəndələrinin, muğam ifaçılarının musiqi nömrələri və Sumqayıt Dövlət Musiqili Komediya Teatrının aktyorları tərəfindən hazırlanmış əyləncəli proqramla axşam saatlarına qədər davam etdi.

Fəxriyyə Abdullayeva