Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dünyası Memarları və Mühəndisləri İttifaqı, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Assosiasiyası, Türk Dünyası Yazıçıları və İncəsənət Xadimləri Fondunun təşkilatçılığı ilə türk dünyasının memarlıq, şəhərsalma üzrə altıncı qurultayı keçirilib.
Qurultay Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təşəbbüsü ilə, “Dildə, görüşlərdə, işdə birlik” devizi altında keçirilib. Tədbirin əsas istiqamətlərindən biri memarlıq, mühəndislik və şəhərsalma üzrə ümumtürk standartlarının hazırlanması olub. “Türk dünyasının nəhəng memarlıq layihələri”, “Üçüncü Bosfor körpüsünün tikintisi”, “İpək Yolunda zəlzələ reallığı: elmi əməkdaşlıq”, “Türkiyədən Şimali Kiprə su kəməri”, “Bişkekdə şəhərsalmanın inkişafında aktual problemlər və onların həlli yollarının tapılması” və s. mövzularda məruzələr dinlənilib. Bildirilib ki, türk dünyası ölkələrində sürətli tikinti işləri gedir, yeni inşaat texnologiyalarından istifadə edilir, gözəl və yaraşıqlı binalar tikilir. Bu sahədə təcrübə mübadiləsinin aparılması ümumi işin xeyrinə olardı.
Qurultayda Bişkek şəhərinin 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması barədə qərar qəbul edilib. Bişkek və Türkiyənin Trabzon şəhəri qardaşlaşmış şəhərlər elan olunub.