Professor İlham Rəhimlinin Xalq artisti Yaşar Nuri haqqında monoqrafiyası işıq üzü görüb

Onun əbədiyaşarlığı, Azərbaycan teatr və kino sənəti üçün əvəzsizliyi, milyonların qəlbində kök salmış məhəbbəti, sənətə və onu yaradıb-yaşadan xalqa tükənməz sevgisi barədə istər sağlığında, istərsə də bu dünyadan cismani ayrılığından sonra dönə-dönə danışılır. Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri haqqında düşünərkən ilk anda hasil olan bu nəticə bir monoqrafiya, irihəcmli kitabın mövzusu olub bənzərsiz sənətkarın yoxluğunda bir təsəlliyə çevrildi.

Sentyabrın 5-də sənətkarın aktyorluğuna vurğun teatr mütəxəssisinin tamaşaçı sevgi və yanaşması ilə qələmə aldığı daha bir kitabın təqdimatı gerçəkləşdi. Yeni nəşr aktyorun doğma sənət evində - Akademik Milli Dram Teatrında Yaşarsevərləri bir araya gətirdi. Yaşarlı zamanda qələmə alınıb Yaşarsız keçən nisgilli məqamlara şahidlik edən “Yaşadan əbədi Yaşar” adlı fundamental monoqrafiya teatrımızın ən çox araşdırıb yazıya köçürəninin, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin növbəti sanballı qələm məhsuludur.
Kitabın elmi redaktoru Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, redaktoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.
Təqdimat mərasimində aktyorun ailə üzvləri, vaxtilə bir səhnəni paylaşdığı sənət dostları, rejissorlar, ədəbi ictimaiyyətin nümayəndələri çıxış edərək sənətkar haqqında xatirələrini dilə gətirdilər, sənət fədaisinin səhnə və həyat yoluna işıq salan monoqrafiyanın məziyyətlərindən danışdılar.
Tədbirə aparıcılıq edən professor Məryəm Əlizadə komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, milli teatr və kino sənətimizin bənzərsiz oyun üslubu ilə seçilən aktyoru Yaşar Nurini daha yaxından tanımaq baxımından monoqrafiyanın mühüm vəsait olduğunu bildirdi. Kitabda sənətkarın yaradıcılıq yolunun əsas estetik səciyyələrinin araşdırıldığını, onun teatr, kino və televiziyada yaratdığı bir sıra rolların əhatəli təhlil edildiyini vurğulayaraq müəllifə təşəkkür etdi.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov isə çıxışında ölməz sənətkarın bənzərsiz sənət dünyasından söz açdı, onunla bağlı saysız xatirələri olduğunu dedi, yaddaşında öləziməyən məqamları dilə gətirdi. Azərbaycan kino və teatrında yaratdığı bənzərsiz obrazlar qalereyası ilə əbədiyaşarlıq qazandığını dedi. Sonsuz sevgi ilə yazılmış kitaba görə İlham Rəhimliyə minnətdarlığını bildirən ittifaq sədri Yaşar Nuri haqqında hər kəsin eyni məhəbbətlə düşündüyünü, lakin belə ustalıqla o sevginin qələm məhsuluna çevrilə bilmədiyini qeyd etdi. O, müəllifin əməyini yüksək qiymətləndirərək onun əsl sənətkara layiq möhtəşəm əsər yaratdığını vurğuladı.
Xalq artisti, kinorejissor Eldar Quliyev isə Yaşar Nurinin faciə aktyoru olduğunu, ancaq rejissorların bunu görə bilmədiyini dedi, sənətkarın mükəmməl dramatik aktyor ampluası barədə söz açdı. Onu “Nə gözəldir bu dünya” adlı filminə çəkən rejissor hələ o zaman nəticənin uğursuz alınacağı, aktyorun komediya ifaçısı kimi dramda uğursuzluqla qarşılaşacağı barədə ilkin rəylərin özünü doğrultmadığını xatırlatdı. Yaşar Nurinin səhnədə oynamadığını, yaşadığını deyən rejissor onun potensial imkanlarını tam üzə çıxarmadığını təəssüflə vurğuladı.
Aktyorun sənət dostları - xalq artistləri Firəngiz Mütəllibova, Hacı İsmayılov və başqaları çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun bir dost kimi yüksək insani keyfiyyətlərindən danışdılar. Qeyd olundu ki, səhnədə və həyatda bütöv şəxsiyyət olan Yaşar Nuri insanlığa, teatra böyük məhəbbəti sayəsində uşaq saflığını qoruya bilmişdi. Onun bu xarakterik keyfiyyətlərini yaratdığı obrazlarda da təcəssüm olunduğunu görmək mümkündür.
Sənətkarın kiçik qızı Ülkər Nuriyeva kitabın müəllifinə və onun ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi, belə bir sənətkarın qızı olması ilə daim qürur duyduğunu dedi.
Müəllif İlham Rəhimli kitabın 2012-ci ildə, hələ aktyorun sağlığında yazıldığını diqqətə çatdırdı. Yaşar Nurinin lentə alınmış tamaşalarının, filmlərinin aktyoru əbədi yaşadacağını, onun təkrarsız oyun üslubunu yaddaşlardan silməyəcəyini dedi.
Tədbirin sonunda Rövşən Nicatın ifasında Ramiz Rövşənin sözlərinə yazılmış, Yaşar Nuriyə həsr olunmuş mahnının klipi təqdim olundu. Aktyorun çəkildiyi filmlərdən, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş etdirildi. Tamaşaçılar aktyorun ifasını yenə hərarət və sevgi ilə alqışladılar.

Həmidə Nizamiqızı