Layihə üzrə Bakıda beynəlxalq seminar keçirilir

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji-turizm layihəsi həyata keçirir. Sentyabrın 16-da «Qafqaz Point» mehmanxanasında layihə üzrə beynəlxalq seminar işə başladı.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, nazirlik ölkəmizin mədəni potensialından istifadə etməklə turizmin inkişafına, eyni zamanda da turizm vasitəsilə mədəni irsimizin təbliğinə xüsusi diqqət yetirir: «Dövlət tərəfindən həm turizmə, həm də mədəni irsimizin mühafizəsinə və təbliğinə göstərilən diqqət, qəbul edilən sənədlər bu sahədə uğurlu fəaliyyətimizə təkan verir. Ölkəmizin bir sıra beynəlxalq konvensiyalara qoşulması da turizm və mədəniyyət sahələrində, mədəni irsimizin qorunmasında və təbliğində özünəməxsus rol oynayır. Son 15 il ərzində 50-dən çox mədəni irs nümunələrimiz bərpa olunub. Ağsu Arxeoloji-Turizm Kompleksi, Qobustan qoruğu, Hacıqabul rayonu ərazisində «Pir Hüseyn Xanəgahı», «Atəşgah məbədi», «Təzəpir» və «Əjdərbəy» məscidləri, Şəki şəhərindəki «Qala divarları», Xan Sarayı, Aşağı Karvansara, Mirzə Fətəli Axundzadənin ev-muzeyi, Kiş kəndindəki alban məbədi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qəbələ rayonunda türbələr kompleksi, Nic kəndindəki məbəd, Bərdədə Allah-Allah türbəsi, Füzuli rayonundakı Şeyx Babı türbəsi və s. mədəni-tarixi abidələrdə genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb. İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə 2000-ci ildə, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun dünya irsi siyahısına daxil edilib. Atəşgah məbədi isə UNESCO-nun dünya irsinin ilkin siyahısına salınıb».
Nazir müavini qeyd etdi ki, turizm sahəsinin inkişaf etdirilməsində ölkənin mədəni irsi əsas faktorlardan biridir. Ölkəyə turistlərin cəlb olunmasında onun tarixi, mədəni irsi, abidələri, mətbəxi əsas vasitə hesab edilir: “Turizm də öz növbəsində ölkənin mədəni potensialının təbliğində vasitə kimi çıxış edir. Hər iki istiqamətdə həyata keçirilən işlər səmərəli nəticə verir. Azərbaycan qədim tarixi-mədəni irsə malik olan turizm ölkəsi kimi dünya turizm bazarında da layiqli yer tutur».
Nazim Səmədovun sözlərinə görə, nazirlik beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət verir: «Özəlliklə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətimiz son dövrdə fəallıq qazanıb. Mədəni və dini oxşarlıq, ortaq mədəni irs bu təşkilata üzv olan ölkələrin birgə fəaliyyətinə zəmin yaradır. Son iki ildə təşkilatın İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Komitəsinin (COMCEC) turizm sahəsinə də xüsusi diqqət yetirməsi səmərəli nəticələrin əldə olunmasına şərait yaradıb”.
Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə təqdim etdiyi «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji turizm layihəsinin COMCEC tərəfindən dəstəklənməsi mühüm uğur kimi qiymətləndirilməlidir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin akademiya üçün də faydalı olacağını vurğuladı.
Sonra COMCEC-in turizm üzrə işçi qrupunun əlaqələndiricisi Məleykə Hüseynova «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji turizm layihəsini təqdim etdi.
Qeyd etdi ki, layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdir.
Layihənin ekspertləri - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli «Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə tarixi-mədəni oxşarlıq, mövcud maddi irs və arxeoloji potensial, İslam mədəniyyətinin əhəmiyyəti, ümumi mədəni irs şəhərlərinin ortaq cəhətləri və onların təbliğinin zəruriliyi”, turizm üzrə mütəxəssis Tərlan Quliyev «Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyənin dünya turizm bazarında tutduğu yer, ümumi mədəni irs şəhərlərinin turizm potensialı, layihənin gələcəkdə turizm mübadiləsinə göstərəcəyi təsir və yaradılacaq yeni turizm məhsulunun turizm sənayesi üçün əhəmiyyəti» mövzusunda təqdimatlar etdilər.
Tədbirin birinci günü layihənin ekspertləri tərəfindən 4 ölkə üzrə ayrılıqda tövsiyə edilən turizm marşrutlarının müzakirəsi ilə də yadda qaldı.
Beynəlxalq seminar sentyabrın 18-dək davam edəcək. Tədbirin 3-cü günündə iştirakçıların Şamaxı və Ağsu rayonlarına səfəri planlaşdırılır. Səfər zamanı bu bölgələrin arxeoloji və turizm potensialı barədə məlumatlar veriləcək, Ağsu arxeoloji-turizm kompleksində yekun iclas keçiriləcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar