Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən bu ilin “Folklor paytaxtı” elan olunmuş Balakəndə folklor və turizm festivalı başlandı, həmçinin poeziya görüşü keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Balakən payızı” festivalında Rusiya Federasiyası Dağıstan Respublikasının, Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının folklor kollektivləri iştirak edirlər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Festival şəhərdəki Heydər Əliyev prospektində, Mədəniyyət mərkəzinin qarşısındakı meydanda kollektivlərin təqdimatı ilə başlandı. Gürcüstanın və Dağıstanın folklor və rəqs kollektivləri, Şəki rayonu Şorsu kənd mədəniyyət evinin “Abay” rəqs kollektivi, Ağdam rayonunun “Şur” ansamblı, Masallının “Halay” rəqs qrupu, Qax rayonunun “Peşvebi”, İsmayıllı rayonunun “İvanovka”, Zaqatala rayonunun “Qızılgül” folklor kollektivləri qısa proqramla çıxış etdilər.


Sonra iştirakçılar prospektlə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkına yürüş etdilər. Burada Balakən rayonunun folklor və rəqs kollektivləri festival iştirakçılarını şux və oynaq rəqslərlə qarşıladılar. Parkda Balakən mətbəxi və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilər təşkil edilmişdi, folklor kollektivlərinin çıxışları oldu.
Həmin gün rayon Mədəniyyət mərkəzində Bakıdan gəlmiş şairlərin rayon ictimaiyyətinin nümayəndələri, ədəbiyyat həvəskarları ilə görüşü keçirildi. Gecədə çıxış edən Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn qədim Azərbaycan torpağı olan Balakənin zəngin adət-ənənəyə, folklora və mətbəxə sahib olduğunu bildirdilər. Tarixdə neçə-neçə qəhrəmanlıq göstərmiş Balakənin bu gün yeni tarix yaratdığı vurğulandı.
Daha sonra şairlər şeirlərindən nümunələr oxudular. Səmimi əhval-ruhiyyədə keçən poeziya gecəsi rayon sakinlərinə xoş anlar yaşatdı.
Günün ikinci yarısında Heydər Əliyev parkında festivalın rəsmi açılış mərasimi keçirildi. Tanınmış elm və incəsənət adamlarının, şəhər sakinlərinin iştirak etdiyi mərasimdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək çoxmillətli Balakən rayonunun, eyni zamanda, zəngin folklor ənənələrinə malik olduğunu bildirdilər. Vurğulandı ki, “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində həyata keçirilən festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasimdə Dağıstandan, Gürcüstandan, habelə Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş folklor və rəqs kollektivləri geniş konsert proqramı ilə çıxış etdilər. Kollektivlərin təqdim etdikləri şux və oynaq rəqslər, milli folklor nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Fariz Hüseynov