Dövlət xadimi, memar və mühəndis Əliş Ləmbəranskinin 100 illiyinə həsr olunmuş dəyirmi masa
Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə �Park İnn� hotelində Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
�Əməkdar mühəndis - Əliş Ləmbəranski� mövzusunda tədbir dövlət xadiminin 100 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamına uyğun olaraq təşkil olunmuşdu.
Tədbirdə əvvəlcə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, onun respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında və Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində böyük xidmətləri olub. Gənc yaşlarından istedadı və işgüzarlığı ilə tanınan Əliş Ləmbəranski dövlət idarəçiliyinin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərib. Bu gün də şəhərimizi bəzəyən və memarlıq abidəsinə çevrilmiş bir çox bina onun yadigarıdır.
Uzun illər Əliş Ləmbəranski ilə birlikdə çalışmış Kamil Akimov xatirələrini bölüşdü. Qeyd etdi ki, Əliş Ləmbəranski tələbkar, bacarıqlı və yüksək peşəkarlıq qabiliyyətinə malik bir mütəxəssis idi: �O, peşəsini dərindən bilən bir memar və dövlət xadimi idi. Çalışırdı ki, gördüyü bütün işlər yüksək keyfiyyətlə həyata keçirilsin. Bu gün müasir Bakıya baxanda onun tikdirdiyi binaların necə böyük zövqlə ərsəyə gəldiyini görmək çətin deyil�.
Əməkdar memar, professor Nəriman Əliyev Əliş Ləmbəranskinin peşəkar memarlıq bacarığından söz açdı. Bildirdi ki, Bakıda tikilən bir çox binalar, küçələrin işıqlandırılması onun adı ilə bağlıdır: �Onun fəaliyyəti nəticəsində Bakının simasını dəyişəcək binalar, memarlıq abidələri ərsəyə gəldi. Əliş Ləmbəransikinin həyat və fəaliyyəti dərindən araşdırılmalı, öyrənilməlidir�.
Azərbaycan Memarlar İttifaqının sədr müavini, sənətşünaslıq doktoru Elçin Əliyev də tanınmış dövlət xadiminin həyat yolu və fəaliyyətinə nəzər salaraq onun təcrübəsindən yararlanmağın vacibliyini vurğuladı.
Qeyd edək ki, Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb. Bakıdakı bir çox tikililər - Heydər Əliyev Sarayı, Məişət Kondisionerləri və Yeni Bakı Neftayırma zavodları, Funikulyor, Bakı Dövlət Sirkinin inşası, Opera və Balet Teatrının bərpası, paytaxtımıza gözəllik bəxş edən neçə-neçə sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə ərsəyə gəlib.
Əliş Ləmbəranski 1999-cu ildə vəfat edib.
Fariz Hüseynov