Xəbər verdiyimiz kimi, martın 14-də Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənc şairələrin ikinci beynəlxalq forumu keçiriləcək. Martın 13-də Azərbaycan Yazıçılar Birliyində forum iştirakçıları ilə görüş olub.

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və qurumun katibi Rəşad Məcid çıxış edərək Avropanı, Asiyanı, Şərq ölkələrini təmsil edən gənc şairələri Bakıda görməkdən məmnun olduqlarını bildiriblər.
Çingiz Abdullayev deyib ki, dünya ədəbi mühitində qadınların xüsusi yeri var. Azərbaycanda şairələrin çoxluq təşkil etdiyini vurğulayan yazıçı, digər müsəlman ölkələri ilə müqayisədə ölkəmizdə xanımların ictimai-siyasi həyatda daha böyük rol oynadıqlarını söyləyib. Zərif cinsin nümayəndələri ölkəmizdə müxtəlif dövlət strukturlarında uğurla təmsil olunurlar.
Rəşad Məcid Azərbaycanda yazıçılar üçün yaradılmış şərait haqqında qonaqlara məlumat verib, ölkəmizdə şairələrin hələ doqquz əsr əvvəl yazıb-yaratdığını diqqətə çatdırıb, dünya şöhrətli ədib Məhsəti Gəncəvinin yaradıcılığını xüsusi qeyd edib.
Bu gün ölkəmizdə qadınların, o cümlədən xanım yazarların ictimai-siyasi həyatda böyük rol oynadıqları vurğulanıb.