Böyük Ukrayna şairinin 200 illiyi Bakı Slavyan Universitetində qeyd olundu

Martın 12-də Bakı Slavyan Universitetində görkəmli Ukrayna şairi, yazıçı, rəssam Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri universitetin tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev açaraq Taras Şevçenkonun həyat və fəaliyyətindən geniş danışdı. Vurğuladı ki, Taras Şevçenkonun 200 illiyinin Ukraynadan kənarda da geniş şəkildə qeyd olunması böyük şairə, onun yaradıcılığına olan rəğbət və məhəbbətdən irəli gəlir. Qeyd etdi ki, Vətənə dərin məhəbbət hissləri aşılayan şeirləri ilə Taras Şevçenko Azərbaycanda da sevilir.
Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rüstəm Rüstəmov Ukrayna xalqına və mədəniyyətinə göstərdiyi diqqətə görə universitet kollektivinə təşəkkürünü bildirdi. O, Ukrayna və Azərbaycan xalqlarının dost olduğunu, həmişə çətin günlərdə bir-birinə dayaq durduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan ədəbiyyatının bir çox tanınmış nümayəndələrinin də əsərləri Ukrayna dilinə tərcümə olunaraq oxucuların istifadəsinə verilib.
Tədbirdə çıxış edən digər qonaqlar və universitetin müəllimləri məşhur Ukrayna şairinin çoxmənalı poeziyasından, vətən, millət hissləri ilə dolğun olan əsərlərindən, dərin və geniş estetik dəyərə malik olan ədəbi irsindən söz açdılar. Onun ədibi yaradıcılığında vətən və millət mövzusunun mühüm ideya daşıdığını vurğuladılar.
Tədbirdə BSU-dakı Ukrayna Mədəniyyət Mərkəzi nəzdində yaradılan tələbələrdən ibarət “Slavyanoçka” ansamblı “Taras Şevçenko - əsrlər arxasından baxış” adlı kompozisiya təqdim etdi. Ansamblın çıxışı şairin portretləri və çəkdiyi rəsmlərdən ibarət slayd-şou ilə müşayiət olundu. Tələbələrin çıxışlarında şairin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verildi, Ukrayna və Azərbaycan dilində şeirləri səsləndirildi.
Tədbirdə T.Şevçenko adına IV beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibləri təltif edildi. Müsabiqə Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Azərbaycandakı Ukrayna diasporu tərəfindən tələbələr və məktəblilər arasında keçirilib.

Fariz Hüseynov