Noyabrın 28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak ediblər. “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgiyə şəhər ictimaiyyəti, sənətsevərlər, media böyük maraq göstərib.

Əvvəlcə tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verib.
“Pöti Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo qeyd edib ki, Reza Deqatinin fotoları hər zaman Fransa mədəni mühitində özünəməxsusluğu ilə fərqlənib. O, məşhur fotoqrafın sərgisinin bu salonda keçirilməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında bildirib ki, humanist ideyaların, bəşəri hisslərin tərənnümçüsü olan Reza Deqati ölkəmizə sonsuz məhəbbəti ilə də tanınır. Səfir fotoqrafın yaradıcılığında Qarabağ mövzusuna yer verməsini xüsusi vurğulayıb. Qeyd edib ki, Qarabağ müharibəsinin və Xocalı soyqırımının əks olunduğu bu fotolar faciənin miqyasını daha aydın əks etdirir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldığını diqqətə çatdırıb.
Parisin VIII rayonunun meri xanım Jann Doteser qeyd edib ki, Azərbaycan dünyada mədəniyyəti və incəsənəti ilə məşhurdur. O, Fransa ilə Azərbaycan arasında genişlənən münasibətlərin mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini deyib.
Bu fikri Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel də vurğulayıb. Onun sözlərinə görə, Reza Deqatinin təqdim olunan ekspozisiyası ölkəmizi yüksək səviyyədə tərənnüm edir.
Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu deyib. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb”, - deyən Reza Deqati əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları həyatının acı anlarıdır. Ölkəmizin bu münaqişədən əziyyət çəkdiyini, erməni işğalı nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüyünü qeyd edən fotoqraf Xocalı soyqırımı barədə danışıb: “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çatdırım”.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabının təqdimatı da olub. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
“Odun cazibəsi” kitabında Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar yer alıb. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı lentə aldığı görüntülər toplanıb. Kitabda Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar da yer alıb.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay ölkəmizdə yaşayıb, bölgələri gəzərək sadə insanların həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Sərgi daha sonra Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil-qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. Onun Parisdə budəfəki sərgisi dekabrın 7-dək davam edəcək.