Dil kursları və informasiya mərkəzi uşaqların cəmiyyətə inteqrasiyasına yardım edəcək
Dekabrın 5-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti məhdud və valideynlərini itirmiş uşaqlar üçün dil kursları və informasiya mərkəzinin açılışı oldu. Mərkəz Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində “Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyinin layihəsi əsasında yaradılıb.
Açılış mərasimində çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova layihənin əhəmiyyəti, onun gələcəkdə daha da təkmilləşdiriləcəyi ilə bağlı məlumat verdi. Layihə çərçivəsində görmə qüsurlu uşaqların da kompüter kurslarına cəlb olunacağını bildirdi: “Kursda iştirak edən uşaqlar səsli proqramlar vasitəsilə onlara lazım olan ədəbiyyatı oxuya biləcəklər. Bütün proqram təminatı Azərbaycan dilindədir. Onların öz həmyaşıdları ilə davamlı ünsiyyətini təşkil etmək üçün belə bir mərkəzin yaradılmasına ehtiyac var idi”.
Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli layihənin əhəmiyyətini yüksək qiymətləndirərək, bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşmasında və onların cəmiyyətə inteqrasiyası istiqamətində dövlətin daima diqqət və qayğı göstərdiyini bildirdi. Qeyd olundu ki, təşkil edilən kurslar və informasiya mərkəzi görmə qabiliyyəti məhdud olanların da sağlam uşaqlar kimi informasiya və təhsil almaq imkanlarını genişləndirəcək. Mədəniyyət və Turizm Nazirliyi belə layihələrin reallaşdırılmasında öz dəstəyini əsirgəməyəcək.
“Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Nigar Aslanova mərkəzin yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, məqsəd bu kateqoriyadan olan uşaqların təhsil almasını təmin etmək və cəmiyyətə səmərəli inteqrasiyasına yardım etməkdən ibarətdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, İlham Məmmədov, TİKA Bakı ofisinin təmsilçisi Mustafa Saleh, Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev layihənin böyük dəyərə malik olduğunu qeyd etdilər, mərkəzin fəaliyyətinə uğurlar arzuladılar.
Fariz