Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş “Əli və Nino” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, bu ölkənin Mədəniyyət Nazirliyi və Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, parlamentin üzvləri, mədəniyyət, ədəbiyyat xadimləri iştirak edib.
Ölkəmizin Xorvatiyadakı səfiri Kamil Xasiyev tədbiri açaraq Azərbaycan ədəbiyyatı barədə məlumat verib, Qurban Səidin “Əli və Nino” əsərinin 30-dan çox dilə tərcümə olunduğunu və 100 dəfədən çox nəşr edildiyini vurğulayıb. Səfir “Əli və Nino” əsərini Azərbaycanda tarixən mövcud olmuş multikulturalizm və tolerantlıq nümunəsi kimi dəyərləndirmiş və əsərin əsas məğzinin sülh, dostluq, hörmət və xeyirxahlığın təbliği olduğunu bildirib.
Daha sonra tədbir iştirakçıları əsərlə bağlı fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı barədə danışıblar. Tədbir Xorvatiya mediasında işıqlandırılıb.