2014-cü il nəşriyyat və kitabxana işi sahəsində əlamətdar yeniliklərlə yadda qalıb
Son illər respublikamızda kitab nəşri, kitabxana işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra uğurlar əldə edilib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə hər il görkəmli mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir.
Bu il Məhəmməd Əmin Rəsulzadənin 130, Əli bəy Hüseynzadənin 150, İlyas Əfəndiyevin 100, Abbasqulu ağa Bakıxanov və Mirzə Şəfi Vazehin 220, Qılman İlkinin 100, Hüseyn Arifin 90, Rəfiq Zəka Xəndanın 75, Nəbi Xəzrinin 90 illik yubileyləri dövlət səviyyəsində geniş şəkildə qeyd edilib. Eyni zamanda Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı UNESCO-da (Paris) və TÜRKSOY-da (Ankara) tədbirlər keçirilib. Həmçinin Ankarada Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə, TÜRKSOY-un iştirakı ilə İstanbul Universitetində Əli bəy Hüseynzadənin 150 illiyinə, Frankfurt beynəlxalq kitab sərgisi çərçivəsində Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş tədbirlər təşkil edilib.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrləri ilə bu il Ukrayna şairi Taras Şevçenkonun və rus şairi və yazıçısı M.Y.Lermontovun 200 illiyi, Xalq şairi Vaqif Səmədoğlunun 75, tanınmış şairlər Zeynal Xəlilin 100, Əli Tudənin 90, Çingiz Əlioğlunun 70 illiyi təntənəli şəkildə qeyd edilib.
Hər il olduğu kimi, bu il də beynəlxalq kitab sərgilərində nazirliyin iştirakı ilə Azərbaycan kitabı uğurla təmsil olunub. Minsk, London, Budapeşt, Praqa, Moskva, Frankfurt, İstanbul şəhərlərində keçirilən beynəlxalq sərgi-yarmarkalarda nümayiş etdirilən milli nəşr və çap məhsullarımız ziyarətçilərin böyük marağına səbəb olub, Azərbaycan haqqında həqiqətlər xarici ölkələrin ictimaiyyətinə çatdırılıb. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı buklet və broşürlər də maraqlananlara paylanılıb.
MDB-nin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsində bu il də Azərbaycan kitabı böyük uğur qazanıb. Müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yerə, iki kitabımız II yerə, bir kitabımız üçüncü yerə layiq görülüb. Xalq yazıçısı Elçinin "Nədir ömrün mənası" kitabı “Qran-pri" nominasiyasında, Xalq rəssamı Salxab Məmmədovun "Albom"u "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlarla təltif olunub.
İlin yaddaqalan hadisələrindən biri də Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi olub. Aprelin 29-da Milli Kitabxanada keçirilən müşavirədə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın yekunları təhlil edilib, qarşıda duran vəzifələr nəzərdən keçirilib. Nazirliyin ADA Universiteti ilə birgə keçirdiyi “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda beynəlxalq elmi konfransda müasir kitabxanaların inkişafı, oxuculara elektron xidmət və s. məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olub. Nazirliyin UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması işi uğurla davam etdirilir. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” www.azlibnet.az saytında yerləşdirilib. Virtual kitabxanada müxtəlif bölmələr üzrə 1000-dən çox elektron kitab yerləşdirilib, il ərzində oxucu sayı 600 min nəfərdən çox olub.
“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın müvafiq maddələrinin icrası, ölkədə fəaliyyət göstərən özəl nəşriyyatların fəaliyyətinə dövlət dəstəyinin verilməsi, yayım və satış mühitinin daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Milli mədəniyyətin təbliği, dünya ədəbiyyatından nümunələrin oxuculara çatdırılması məqsədilə 70-dən artıq adda nəşr nazirliyin dəstəyi ilə işıq üzü görüb, ölkə kitabxanalarına paylanılıb.
Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə yekun vurulub, 8 dekabrda Bakıda qaliblərin mükafatlandırılma mərasimi keçirilib.