Dekabrın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirildi. İclasda nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak edirdi.
Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdi: nazirliyin 2014-cü il üçün hesabatının, 2015-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində pedaqoji kadr vəziyyətinin təminatı, ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair Tədbirlər Planı”nın icrası, nazirliyin beynəlxalq əlaqələri, "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti və nazirliyin yeni strukturu barədə.
Dövlətin diqqət və qayğısı fəaliyyətimizə ən böyük stimuldur
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin qərarları ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçisinə mükafatlar təqdim edildi. Nazir təltif olunanları bir daha təbrik edərək gələcək işlərində uğurlar arzuladı.
Kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev il ərzində görülən işlər haqqında geniş məruzə ilə çıxış etdi, bu il ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açdı. Bildirdi ki, ötən illərdə olduğu kimi, bu il də nazirlik üçün məhsuldar bir dövr olub, eyni zamanda bir sıra yeniliklərlə yadda qalıb.
İl ərzində baş verən ən mühüm hadisələrə nəzər salan Əbülfəs Qarayev iclas iştirakçılarının nəzərinə çatdırdı ki, nazirlik və onun strukturunda fəaliyyət göstərən bölmələr daim dövlət rəhbərliyinin diqqət və qayğısını hiss edir. Sözsüz ki, bu qayğı və diqqət fəaliyyətimizdə özünü büruzə verir.
Nazir Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd etdi. Bildirdi ki, Heydər Əliyev Fondu mədəni irsimizin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir: “Fondun keçirdiyi tədbirlər bizim işimizin təkmilləşərək daha səmərəli qurulmasına təkan verir. Hesab edirəm ki, bu tədbirlər ölkəmizin ümumi mədəniyyət mənzərəsinin ən önəmli və ayrılmaz hissəsidir”.
Mədəniyyət sahəsində yeniliklər inkişafa təkan verir
Nazir diqqətə çatdırdı ki, ölkə Prezidentinin 2014-cü il 14 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilib. Bu sənəd artıq bütöv bir mədəniyyət siyasətinin həyata keçirilməsinin istiqamətverici proqramıdır: “Artıq bizim hazırladığımız layihələr və həyata keçirdiyimiz tədbirlər, nazirliyin işində yeniliklər konsepsiya çərçivəsində həyata keçirilir. Konsepsiyaya əsasən nazirlik bir neçə xüsusi sənəd hazırladı. “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2014-2018-ci illər)”, “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”, “2014-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın layihələri hazırlanaraq müvafiq qurumlara göndərilib”.
Bu il ölkə başçısının müvafiq sərəncamları ilə nazirlik tərəfindən bir sıra yubileylər - Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar tədbirlər, görkəmli ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri qeyd edilib.
2014-cü il tarixi-mədəni irsin qorunması sahəsində mühüm tədbirlərlə də yadda qalıb: “Azərbaycanda ilk dəfə olaraq beynəlxalq səviyyədə Avropa İrs Günləri keçirildi. Avropa İttifaqı ilə yeni tvinniq proqramı irəli sürüldü və bu sahədə əməkdaşlıq edirik. Cənab Prezidentin sərəncamı ilə bir neçə tarixi abidənin bərpası həyata keçirildi. Ən son hadisə isə nazirliyin daxilində yeni bir strukturun - abidələrin qorunması, mühafizəsi üzrə dövlət xidmətinin yaradılması oldu. Bu il xüsusi hadisələrdən biri də Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı oldu. Avqustun 26-da ölkə rəhbərliyinin iştirakı ilə açılışı keçirilən muzey şəhərimizin yeni simvollarından birinə çevrildi”.
Beynəlxalq əməkdaşlıq və Azərbaycanın tanıdılmasına xidmət edən layihələr
Nazirliyin fəaliyyətinin mühüm bir istiqaməti beynəlxalq tədbirlərlə bağlıdır: “Azərbaycan bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdi. Fəxrlə deyə bilərik ki, Azərbaycanın Avropa Şurası səviyyəsində təqdim edilən əsas layihələri məhz mədəniyyət və incəsənətlə bağlı idi. Sərgilər, təqdimatlar, müsabiqələr, konsertlər və s. bütün bu hadisələr çox böyük əks-səda doğurdu. Azərbaycan bu tədbirlərlə nə qədər qüdrətli mədəniyyətə sahib olduğunu nümayiş etdirə bildi. Xüsusilə qeyd etməliyik ki, bu tədbirlər nazirliyin uğurlu siyasətinin nəticəsi olaraq Heydər Əliyev Fondunun da böyük dəstəyi ilə reallaşdı. Fondun və nazirliyin birgə keçirdiyi tədbirlər Azərbaycanın dünyaya təqdim edilməsində mühüm yer tutur. Beynəlxalq səviyyəli tədbirlər sırasında UNESCO xətti ilə keçirilən tədbirləri də qeyd etməliyik. İslam ölkələri mədəniyyət nazirlərinin əməkdaşlığı sahəsində görülən işləri də uğurlu işlər siyahısına daxil etmək olar. Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə komitəsində fəal mövqe tutub, komitənin iclaslarında sözümüz hər zaman eşidilərək qəbul edilib. Bunun nəticəsində bədxah ermənilərin bir neçə fayllarının da qarşısının alınmasına, məhdudlaşdırılmasına nail olmuşuq. Azərbaycan kəlağayı sənətinin UNESCO-nun siyahısına salınması qeyri-maddi mədəni irsimizin təbliği sahəsində daha bir nailiyyətimiz oldu”.
Nazir TÜRKSOY təşkilatı ilə əlaqələrin bir sıra layihələrin gerçəkləşməsinə şərait yaratdığını vurğuladı. Türk dövlətləri rəhbərlərinin birgə qəbul etdiyi sənəd əsasında ölkələr arasında turizm mübadiləsinin gücləndirilməsi və milli mədəniyyətlər üzərində qurulan mədəni turizm proqramlarının həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Gələn il Bakıda üçüncü dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini deyən nazir bu möhtəşəm tədbirin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğuladı.
Azərbaycanın hər il müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini deyən Əbülfəs Qarayev bildirdi ki, bu tədbirlərin arxasında böyük bir komandanın əməyi durur: “Bu il yeniliklər də oldu. İlk dəfə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirildi. Artıq üçüncü dəfə keçirilən Beynəlxalq Teatr Konfransı da yaddaqalan hadisə oldu. İlin uğurlu yekunları sırasında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Rusiya Böyük Teatrında premyerasını, Qara Qarayevin “Yeddi gözəl” baletinin ABŞ-ın San Diyeqo Şəhər Teatrında təqdimatını vurğulaya bilərik. Bu hadisələr Azərbaycan musiqisini beynəlxalq arenada tanıtmağa bizə imkan verdi”.
Regionlarla iş müsbət nəticəsini göstərməkdədir
Nazir bildirdi ki, görülən işlər regionlarda mədəniyyətin inkişafına təkan verir. Bölgələrin mədəni irsinin təbliği sahəsində nazirliyin “Xalq yaradıcılığı paytaxtları” layihəsinin xüsusi yeri var: “Paytaxt”ların elan edilməsi, düşünürəm ki, önəmli layihə oldu, bunun sayəsində bölgələrdə festivalların əsası qoyuldu.
Regionlarda qəbullarımız zamanı bu işin nəticələrini görə bildik. Bu tədbirlərlə yerlərdə turizm xidmətlərinin inkişafına da təkan vermiş oluruq. Regionlarda görüşlərimiz zamanı həmin ərazidə fəaliyyət göstərən mədəniyyət və incəsənət adamlarından dəyərli ideyaların irəli sürüldüyünün şahidi oluram və bu məni çox sevindirir.
Regionlarda maddi-texniki bazanın güclənməsi yönündə işlər davam etdirilməlidir. Musiqi məktəbləri, diyarşünaslıq muzeyləri, kitabxanalar, mədəniyyət evlərinin bərpasına diqqət ayrılmalıdır. Yerlərdə idarəçiliyə yaradıcı yanaşma hiss olunur. Bu ideyaları tətbiq etməliyik. Müasir düşüncəni tətbiq etmək günün reallıqlarından biridir. Müasir innovativ təşəbbüslər dəstəklənməlidir”.
Kino və teatr
Nazir kino və teatr sahəsinin uğurlarından danışdı: “Nizami Kino Mərkəzi tam gücü ilə işləyir. Bu məkanda yeni təqdimatlar, beynəlxalq film festivalları keçirilir. Bu il Bakıda ikinci dəfə keçirilən idman filmləri festivalı layihənin təşkilatçıları tərəfindən ən yaxşı festival kimi təsdiq edildi. Həmçinin ikinci dəfə turizm filmləri festivalı gerçəkləşdi. İl ərzində filmlərimiz 50-dək beynəlxalq festivalda iştirak edib, əldə etdiyimiz mükafatlar da az deyil. Yeni çəkilmiş filmlərimiz artıq beynəlxalq arenaya çıxır. Bütün bunlar görülən işlərin nəticəsidir.
Azərbaycan teatrlarında formalaşan beynəlxalq təcrübə mübadiləsi bizim ölkənin teatrsevərlərinə də kifayət qədər müsbət nəticə nümayiş etdirə bilir. Teatrlarda qurulan yeni tamaşalar, qastrol səfərləri, sözsüz ki, qaynar teatr həyatına rəng qatır”.
Mötəbər yubileylərin keçirilməsi nazirliyə etimaddır
2014-cü ildə də böyük şəxsiyyət və tarixi hadisələrin yubileyləri ilə bağlı silsilə tədbirlər keçirilib: “Diqqətlə baxsaq görərik ki, bilavasitə mədəniyyət və sənətə aid olmayan müxtəlif yubiley və tədbirlərin həyata keçirilməsində də nazirlik yaxından iştirak etmişdir. Bütün bu işləri yüksək səviyyədə həyata keçirərək ictimaiyyətin marağına səbəb olmasına çalışmalıyıq. Hesab edirəm ki, bu iş nazirlik üçün böyük etimad olmaqla yanaşı, həm də məsuliyyətimizi ikiqat artırmalıdır. İl ərzində keçirilən yubileylər sırasında təkcə ölkədə deyil, UNESCO və TÜRKSOY-dakı tədbirləri də nəzərdən qaçırmamalıyıq. Nazirliyin xətti ilə tanınmış teatr və kino xadimlərinin anım və doğum günləri qeyd edildi”.
Təhsildə yeniliklər
İlin müsbət hadisələrindən bir neçəsi təhsil sistemi ilə bağlı oldu. Əbülfəs Qarayev bildirdi ki, təhsil və turizm sahəsində dövlət tərəfindən irəli sürülən proqramlar bu sahələrin daha da inkişafına təkan verir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə sərəncam verildi. Bu addım ölkə rəhbərliyinin turizm sahəsinə göstərdiyi diqqətin bir hissəsidir. Burada artıq bütün təhsil pillələrini əhatə edən turizm sənayesinin kadr hazırlığı həyata keçiriləcək. Hər birimiz bu gün turizm sahəsinin inkişafı üçün çalışmalı, Azərbaycana gələn qonaqlara düzgün xidmət sistemini formalaşdırmalıyıq. Azərbaycanda yeni Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam da bu sıradandır. Hazırda Xoreoqrafiya Akademiyasının yeni layihəsinin təsdiq edilməsi üzərində məsləhətləşmələr aparılır. Bu işin Mədəniyyət və Turizm Nazirliyinə tapşırılması da bir daha işimizə dəstəkdir. Ona görə hesab edirəm ki, bu iki sərəncamdan irəli gələn məsələlərə çox ciddi yanaşmalı və onların icrasına var qüvvə ilə çalışmalıyıq. Musiqi məktəblərinin fəaliyyətinə də nəzər salmalıyıq. Bu il bir neçə kadr dəyişikliyi baş verdi. Bu proses davam edəcək. Məktəblərdə yeniliklər tətbiq olunmalıdır. Yeni idarəçilik üsulları yaradılmalı, nöqsanlar aradan qaldırılmalıdır”.
Kitablarımız ölkəmizi tanıdır
Kitab və poliqrafiya işinin mühüm əhəmiyyət kəsb edən sahələrdən biri olduğunu deyən nazir bu il Azərbaycanın bir neçə böyük beynəlxalq kitab sərgilərində iştirak etdiyini vurğuladı: “Beynəlxalq sərgilərdə Azərbaycanda nəşr edilən kitablar maraq və rəğbətlə qarşılanır. Gələn il Bakıda növbəti beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Hesab edirəm ki, nəşriyyatlar bu tədbirə daha ciddi hazırlaşmalıdırlar. Onların fəaliyyətinə mütəşəkkil şəkildə nəzarət edilməlidir. Kitab kollektoru öz işini daha da səmərəli təşkil etməlidir”.
Turizmin inkişafı
Nazir məruzədə turizm sahəsinin inkişafı və bu sahədə yeniliklər barədə də danışdı: “Təkliflərimiz əsasında Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsi prosesi başlandı və bu, turistlərin axınına müsbət təsir göstərdi. Eyni zamanda mehmanxanaların yeni sertifikasiya sisteminə keçməsi də bu işdə müəyyən irəliləyişlərə səbəb olacaq. Mehmanxanalara lisenziyaların verilməsi tam şəffaf şəkildə həyata keçirilir, mütəmadi monitorinqlər aparılır. Bütün bunlar da ictimaiyyətin daim diqqətindədir. Bu sahədə beynəlxalq səviyyədə əməkdaşlıqlarımız davam edir. CNN və “Euronews” kimi kanallarda Azərbaycanın turizm imkanları, ölkəmizin mədəniyyəti təqdim olunur. Turizm və mədəniyyət anlayışının birləşməsi prosesi öz tempini daha da sürətləndirir”.
* * *
Çıxışının sonunda 2014-cü ilin Azərbaycan mədəniyyəti üçün uğurla başa çatdığını diqqətə çatdıran nazir bildirdi ki, qarşıda bizi daha məsul işlər, böyük tədbirlər gözləyir. İclasda 2014-cü ildə görülən işlərlə bağlı müzakirələr aparıldı, əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də söz açıldı, yeni layihələr barədə fikir mübadiləsi aparıldı.
L.Azəri