Bəstəkarlar İttifaqında iki əsərin müzakirəsi keçirildi
Yanvarın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinə həsr edilən musiqi əsərlərinin müzakirəsi keçirildi.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq bildirdi ki, xalqımızın başına gətirilən faciələrin musiqinin dili ilə dünya ictimaiyyətinə çatdırılmasının böyük əhəmiyyəti var. Bəstəkarlarımız tərəfindən Qanlı Yanvar hadisələrinə və şəhidlərə həsr olunan bir sıra əsərlər yazılıb. Bu sırada Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar” poeması, Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adıgözəlovun “Qəm karvanı” oratoriyası və digər əsərləri qeyd etmək olar. Son illər bu nümunələrin sırasına yeni əsərlər əlavə edilib.
Sonra müzakirəyə təqdim olunan iki əsər - Azər Dadaşovun “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniyası və Faiq Nağıyevin “Şəhidlərdən şəhidlərə” sənədli filminə (rejissor Xamis Muradov) yazdığı musiqi səsləndirildi. Bəstəkarlar İttifaqının katibləri Aliyə Məmmədova, professor Zemfira Qafarova, eləcə də AMEA-nın müxbir üzvü Zemfira Səfərova və musiqişünas Turan Məmmədəliyeva Faiq Nağıyevin 1990-cı ildə nota köçürülən 6 pyesdən ibarət əsəri haqqında fikirlərini bölüşdülər. Müəllif musiqinin konsert ifası üçün deyil, məhz film üçün yazıldığını vurğuladı.
Bəstəkar Azər Dadaşov da çıxış edərək “20 Yanvar” simfoniyasının faciənin baş verdiyi ildə yazıldığını bildirdi. Müəllif gərgin emosiyalarla müşayiət olunan əsərdə “Çahargah” muğamından istifadə etdiyini nəzərə çatdırdı.
Çıxışlarda qeyd olundu ki, hər bir bəstəkarın əsərində dramaturgiya, faciəni əks etdirən üslub özünəməxsusdur və musiqilərdə bəstəkarların daxili emosiyaları qabarıqdır. Bununla yanaşı, əsərlər üzərində bir daha işlənilməsi tövsiyə olundu.
Savalan Fərəcov