Zəruri infrastruktur layihələrinin davam etdiriləcəyini deyən Prezident investisiya proqramlarına ancaq prioritet məsələlərin salındığını vurğulayıb

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı əvvəlcə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş sərgi ilə tanış olub. Sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və s. sahələrdə əldə edilən uğurlar əksini tapıb. Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilib.
Konfransda giriş nitqi söyləyən Prezident İlham Əliyev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulundan bir il ötür. Ötən müddətdə dünyada iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin əsasında iqtidarla xalq arasında birlik dayanır. Prezident əmin olduğunu bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı da uğurla icra olunacaq və nəticədə bütün ölkə üzrə investisiya proqramlarının həyata keçirilməsi, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.
Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən dövlət başçısı bunu statistik rəqəmlərlə əsaslandırıb. Qeyd edib ki, bu müddətdə ölkədə ümumilikdə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb. Dövlət başçısı vurğulayıb ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına çatıb. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaradır.
Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.
Ölkəmizdə tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalı və hər bir gənc bu ruhda tərbiyə almalıdır.
Paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikildiyini, ölkədə 64 min müəssisə yaradıldığını diqqətə çatdırıb. Bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeroport inşa olunub.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə ediblər.
Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırıb. 2014-cü ildə iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd edib. Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini deyib.
Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyin göstərilməsi prioritet sahələr sırasındadır. Dövlət başçısı turizmin inkişafından danışıb, hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlar verib.