Yanvarın 28-də Misirin paytaxtı Qahirədə 46-cı beynəlxalq kitab sərgisi işə başlayır. Tədbirə ezam olunan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər.

Görüş zamanı Fərid Hüseyn Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyəti, ərəb ədəbiyyatından tərcümələr barədə məlumat verib. Qeyd olunub ki, hazırda mərkəzdə məşhur Misir yazıçısı Nəcib Məhfuzun roman və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən Tofiq əl-Həkim, Mahmud Teymurun əsərlərinin də tərcüməsi nəzərdə tutulur.
Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğis Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qurum Misir yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcüməsində mümkün köməkliyini göstərəcək. O, Azərbaycan Tərcümə Mərkəzinin təkcə bədii ədəbiyyat üzrə deyil, digər sahələr üzrə də tərcümə işi ilə məşğul olmasının təqdirəlayiq hal olduğunu bildirib. Bu, əməkdaşlığın əhatə dairəsini genişləndirir.
Söhbət əsnasında Azərbaycanda və Misirdə kitabların xüsusi nəşriyyat nişanları ilə çapının vacibliyi də vurğulanıb. Bildirilib ki, belə olan halda kitabların yayımı ilə məşğul ola bilərik.

Fariz