...təbdən aləmə ismarlanan gözəl misralar, özəl bəndlər

Hələ hamının soyadı, təxəllüsü “ov”, “yev” və ya “zadə” ikən, bu şair (və məmur!) özgürlü-anadilli - Əlibəyli imiş. Bu “imiş” nə nağıl-nəqlilik kimi qəbul edilsin, nə də - sonralar dəyişilmiş kimi.
Bəli, çalışdığı hər yerdə, iştirak etdiyi hər məclisdə, habelə xatirələrdə baş-böyük hərfli Müəllim deyə xitab edilən, xatırlanan Ənvər Əlibəyli məhz bu milli-musiqili imza ilə yazıb-yaradıb, yüksək çinli məmur olub. Dövlətin deyən dili, xalqın “eşidən qulağı, görən gözü” timsallı çox ciddi, fono-fenomen təbliğat arsenalına - Azərbaycan Radio və Televiziyasına rəhbərlik də edib.

Ənvər Əliverdi oğlu Əlibəyli 1916-cı il aprelin 1-də Bakıda doğulub. Həmin illərdə elə Bakı özü də dünyaya bir mədəniyyət mərkəzi kimi doğulmaqda idi; artıq bu şəhərdə “opera”, “operetta” kimi yepyeni terminlər, “inqilab”, “istiqlal”, “millət” istilahları işlədilirdi. Mətbu felyetonların birindəki bir əcnəbinin “milliyyətin nədir” sualına bir həmşərimizin “əlhəmdülillah, müsəlmanam” cavabı artıq çayxana-pitixanalarda da lağ-loğaza qoyulurdu...
Balaca Ənvərin böyüdüyü ailədə də bu qəbil inkişaf-intibahlar gedirmiş və o, sonrakı illərdə xeyli rəngarəngləşməkdə olan Bakı küçələrinə ayaq açarkən üçrəngli bayrağımızı da görüb. Ağlı kəsən illərdə isə həmin bayraq da dəyişilib, küçələr də, ailədəki söhbətlər, dünənki “bədheybət jandarmlar”, bir az sonralar qapıların döyülmə vaxtları, adamların qırımları, məhəllələrin inam-etibar durumları da...

“Qarışıq” xatirələr...

Bir az sonralar isə - onun yaşlaşmış məhəllə tay-tuşlarından eşitdiklərimə görə, - boy-buxunca hamıdan balaca bu uşaq hamıdan fərqli söhbətlər edər, “yekə-yekə mətləblərdən” danışarmış. Soruşulanda da ki, bu nə danışıqlardır, deyərmiş, “bunları mən yox, “Danışır Bakı” danışır”. Sən demə, onun yaşadığı məhəllədə ilk “danışan qutu” - radioqəbuledici Ənvərgildə olubmuş. Bu sehrli qutudan eşidib-öyrəndikləri hər il bu balacaboy uşağı yaşıdlarına nisbətən mənən iki boy böyüdür və... yaxın gələcəyin radio redaktorluğuna, şöbə müdirliyinə və nəhayət, rəhbərliyinə doğru aparırmış.
O xatirələr içində çox ciddi, bəzən hətta rəsmi-zəhmi notlularıyla bahəm, yumor ruhlu birisi də varmış ki, deyirlər bu, Ənvər müəllimi bütün ömrü uzunu müşayiət edib. “Məsələ” onun doğum tarixçəsində - “1 aprel” “şoğərib”indəymiş. Belə ki, uşaq və gənclik çağları onun ad günlərinin çoxusu serial gülüşlər, mental-modal atmacalar, tostsuz yeyib-içib dağılışmalarla keçərmiş. Elə radio-televiziya rəhbəriykən də həmin tarixçələrdə ərki çatanların leqal və ya qeyri-leqal təbəssümlərilə az rastlaşmayıb Ənvər müəllim...
Bütün bunlarda, habelə onu çox ciddi işlərə, ictimai xadimliyə aparan digər olqu-olaylarda tezliklə çağlayası poeziya çeşməsi də qaynamaqda imiş. Öz xatirələrinə görə, yeniyetməliyində hərdən “ipə-sapa yatmayan” misralar yazırmış da. Amma o, “Danışır Bakı”nın söyləmələrindən belə bir qənaətə gəlibmiş ki, “Oxumaq, oxumaq, yenə də oxumaq!” Məktəbli dostlarından birinin atası feldşer imiş və o öz geyim-kecimi, mədəni-mərifət davranışlarıyla Ənvəri necə ofsunlayıbmışsa, valideynlərilə məsləhətləşmədən, sənədlərini Tibb Texnikumuna verir. Lakin daxilini çulğamış poeziya onu yeni sevdaya salır; Azərbaycan Dövlət Universitetinin fəhlə fakültəsinə daxil olur. Amma, o vaxt dilə gətirməyə çəkinsə də, həmin fakültə sözünün təyini (“fəhlə”) heç də ürəyincə olmur. Sənədlərini geri götürüb Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə verib qəbul olunur və “bu başqa məsələ!” deyə, təhsil axtarışlarına son qoyur. 1938-ci ildə - 22 yaşında ikən Azərbaycan Radiosuna - deməli, bu qəribə “istehsalat”a ilk gəlişilə... yaşlı həmkarlarına “bir qəliş gəlir” ki, müasirləri demişkən “aləm bir-birinə dəyir”. Hər gün bir yenilik, hər ay bir layihə. Lakin iyirmi beş yaşlı bu gəncin “baş redaktor vəzifəsinə keçirilsin” əmri ilə taleyin “1941-ci il 22 iyul” “əmr”i eyni vaxta düşür. “İstedad bronu”na baxmayaraq, Ənvər Əlibəyli könüllü olaraq cəbhəyə yollanır. Tbilisidə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsilə döyüşən orduya atılır. Deməli, “...danışır silahlar!” “Yaman hündürdən, əjdaha kahadan, alov-bülənd təndirdən” danışırmış o silahlar. Görəsən, nə qədər, haçanadək danışacaq bu anti-insani, bu dağıdıcı əşyalar? Bütün bunlar onun sonrakı yaradıcılığında, qan qoxulu, can qorxulu misralarında qanlı-canlı təsvir edilib...
Müharibədən sonra yenidən “Danışır Bakı!”. Ənvər müəllim bu dönəm yalnız rəhbər statuslarda çalışır, 60-cı illərin əvvəlində sədr müavini, ardınca isə ömrünün sonunadək sədr vəzifəsində işləyir. O radio-televiziya aləmində tamam yeni, çox işgüzar, qaynar yaradıcılıq ab-havası yaratmaqla bərabər, bu çoxkontingentli, mürəkkəb-kommunikativ təşkilatda sivil idarəçilik mədəniyyəti nümunəsi nümayəndəsi kimi də ad-san qazanır. Burada çalışdığı illərdə öz zəngin “radio-filmoqrafiya yaradıcısı” obrazını da yaradır, “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında”, “Mahnı qanadlarında”, “Zəncirlənmiş adam” və s. filmlərə redaktorluq, ssenari və şeir-mətn müəllifliyi edir.
...Və nəhayət, öz fəaliyyət dünyasının hər üzündə üzağlığı qazanmış bu şəxsiyyətin ən yaşarı-bəşəri yadigarı -

Poeziyası!..

Əlli ikicə illik bəndəlik ömrünün hamısını aydan arı, sudan duru yaşayan Ənvər Əlibəyli bunun, təxminən, iyirmi baharını şeir-sənət səltənətində keçirib. Otuz bir yaşının tamamında “Qaranquş” adlı kitabıyla başlayıb - öz poetik ömürlüyünü. Ardınca “İlk məhəbbət” adıyla gəlib gənc oxucuların görüşünə. Daha sonra daha neçə-neçə lirik müjdələr: “Sənin adınla”, “Elə xoşbəxtəm ki...”, “Dalğalar arasında”, “Dostluq körpüsü” və s. “Və s.” şəkilli bu qeyri-müəyyənlikdən birini də xatırladacam - aşağıda. Hələliksə deyim ki, Ənvər Əlibəyli yuxarıda sadaladığım kitablarında dünyanın bir çox işlərinə toxunub. İnsanların bugünkü qəm-kədər əhvallarına “işıqlı sabahlar” dolu misralarla poetik sığallar çəkib, ümumtipik sevincləri bəndləşdirə-cəmləşdirə - müharibə məşəqqətlərini yüngülləşdirməyə çalışıb. Yurdun gözəl təbiətini, adamların insani keyfiyyətlərini ən ali maddi-mənəvi predmetlər kimi tərənnüm edib. “Özün kimi vüqarlıdır uca dağların, Hüsnünə bir yaraşıqdır yaşıl bağların...” deyib. Vətəninə bir sevgili yar kimi xitab edib: “Sənə şirin arzum deyim, diləyim deyim, Havam deyim, suyum deyim, çörəyim deyim...”
Deyirəm, sözümü bu nazlı fəslin məzəli bir günündə doğulmuş bu şairin bahar mövzulu onlarla şeirinin birindən ikicə bəndlə bitirim:

Sənin gəlişinlə düzəndə, dağda
Qarlar selə dönüb axar, ay bahar!
Ətirli güllərdən qızlar, gəlinlər
Dərib sinəsinə taxar, ay bahar!

Yaşıl reyhanların, qızıl güllərin
Ətrini gətirər əsən yellərin.
Mən də bülbülüyəm bu şad ellərin,
Sənin vurğununam, bahar, ay bahar!

Tahir Əhmədalılar