Beynəlxalq simpoziuma 13 ölkədən 30-dan artıq mütəxəssis qatılıb
Martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam/maqam və müasir musiqi yaradıcılığı” mövzusunda beynəlxalq simpozium işə başladı. UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) iştirakı ilə keçirilən simpoziuma müxtəlif ölkələrdən musiqişünaslar, alimlər, sənət adamları qatılıb.
Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Beynəlxalq Muğam Festivalının Azərbaycanın mədəni həyatında önəmli hadisə olduğunu vurğuladı. Qeyd olundu ki, muğam xalqımızın milli mədəni zənginliyini gələcəyə aparan simvollardan biridir. Eyni zamanda muğam sənəti Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib: “Bəşəriyyətə təqdim edilən mədəni irsimizi daha da inkişaf etdirməli, bu sənəti dərindən araşdıraraq, tədris edərək gələcək nəsillərə çatdırmalıyıq. Bu məqsədlə mütəmadi olaraq respublikada gənclər arasında muğam müsabiqələri keçirilir, musiqi məktəblərində tar, kamança, xanəndəlik fənləri tədris edilir. Qeyd etmək istərdim ki, muğamın ayrılmaz hissəsi olan milli tar ifaçılığı sənətimiz də özünü sübut edərək UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Muğamla birlikdə müasir-klassik caz musiqimiz inkişaf prosesi keçir”.
Qeyd olundu ki, beynəlxalq muğam festivalı qədim və zəngin muğam sənətimizin təbliğinə, Azərbaycan musiqisinin dünyaya çatdırılmasına, həmçinin qarşılıqlı mübadiləyə xidmət edir. Azərbaycan muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ki, ölkəmizdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilir: “Muğam sənəti ölkəmizin hüdudlarını aşaraq beynəlxalq səviyyədə təqdim olunur. Azərbaycan muğamı xalqımız var olduqca daima yaşayacaq, inkişaf edəcəkdir. Sevinirəm ki, festival dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Festivalın keçirilməsində xidməti olan hər kəsə təşəkkürümü bildirir və simpoziumun işinə uğurlar arzulayıram”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festivalın ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıdığını bildirərək qeyd etdi ki, möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bölgələrində də geniş şəkildə qeyd olunmaqdadır. Hər festival çərçivəsində keçirilən beynəlxalq simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə qeyd etdi ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir.
Simpoziumun açılışında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə xalqımızın musiqiyə, xüsusilə muğama olan sevgisindən danışdı. Bildirdi ki, Azərbaycan xalqı bütün dünyaya sülhü, xoş məramı, mədəniyyəti təbliğ edir. 2013-cü ildə keçirilən festivaldan sonra Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq şöbəsinin yaradılması qərara alındığını deyən A.Əlizadə şöbənin hazırladığı “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” toplusunun muğam sənətinə elmi töhfə olduğunu vurğuladı. Toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun müstəsna rolu var.
UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan təmsil etdiyi qurum haqqında məlumat verdi. Bildirdi ki, təşkilatın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə və təcrübə mübadiləsi aparmağa xidmət etməkdir. Qonaq simpoziuma 13 ölkədən 30-dan artıq mütəxəssisin qatıldığını diqqətə çatdıraraq əlavə etdi ki, onlar bu tədbir vasitəsilə təcrübələrini bir araya gətirəcəklər.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə simpozium iştirakçılarını salamlayaraq muğam festivalının tarixi əhəmiyyətindən danışdı, festivalın Azərbaycan xalqının qədim və zəngin irsinin daha geniş şəkildə tanınmasına xidmət etdiyini vurğuladı. Bildirdi ki, festival və simpozium müxtəlif ölkələrdə elmlə, musiqi ilə məşğul olan mütəxəssislərə muğamın vətəni Azərbaycanda bu sənətin problemlərini müzakirə etmək imkanı yaradır: “Bu gün AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması sübut edir ki, Azərbaycanda bu sənət, doğurdan da, yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni bir mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam sonsuz və irrasional sənət növüdür”.
Simpoziumun açılış mərasimində yekun nitqlə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirdi ki, sorağı dünyanın ən müxtəlif guşələrindən gələn bu böyük mədəniyyət hadisəsi bizi daim qürurlandırır.
* * *
Günün ikinci yarısında "Muğam/maqam və müasir musiqi yaradıcılığı" mövzusunda beynəlxalq simpozium bölmə iclasları ilə işini davam etdirdi. “Muğam/maqam: ənənə və yenilikçilik” bölməsinə professor Sürəyya Ağayeva və İCTM-in baş katibi Svanibor Pettan sədrlik edirdi. İclasda AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Üzeyir Hacıbəylinin ilk muğam operası “Leyli və Məcnun”da ənənə və novatorluq və dəsgahların yazılma problemlərinin təcəssümü”, Lyublyana Universitetinin professoru Svanibor Pettanın “Qafqaz və türkdilli xalqlar”, Riçard K.Volfun (Harvard Universiteti) “Raqa Alapananın ritmik aspektləri”, Aleksandr Cumayevin (UNESCO İCTM-in “Maqam” elmi tədqiqat qrupunun sədri) “Özbək musiqiçisi Ari Babaxanovun ifaçılıq sənətində ənənə və yenilikçilik, Buxara Şaşmakomun konsepsiyası”, Jon O Konnelin (Kardif Universiteti, Böyük Britaniya) “Klassik tərz: vokal improvizələrin modal analizi” mövzularında çıxışları dinlənildi.
Bölmə iclasları martın 13-də davam edəcək. Simpoziuma martın 14-də yekun vurulacaq.
Lalə Azəri