Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
Nazir qəbuldan öncə Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar, burada həyata keçirilən işlərlə tanış olub. Eramızdan əvvəl VI minilliyə aid edilən bu məkanda ölkə Prezidentinin sərəncamı ilə arxeoloji park yaradılır. Göytəpə neolit dövrü abidəsi bölgədə mədəni turizmin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir. Əbülfəs Qarayev Tovuz şəhərindəki Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində aparılan yenidənqurma işləri ilə də tanış olub, müvafiq tapşırıqlar verib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey üçün ikimərtəbəli, müasir standartlara cavab verən yeni bina inşa edilir. Nazir Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Qovlar şəhər Mədəniyyət evinə, qala kompleksinə də baş çəkib.
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təmin olunması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, təmir-bərpası, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi və s. məsələlərlə bağlı olub.
Qazax rayonundan Nofəl Qurbanov tarixi əhəmiyyəti olan Damcılı mağara düşərgəsində açıq səma altında muzeyin yaradılması, Yaqub Orucov tarixi-memarlıq abidəsi olan “Sınıq körpü”nün (Qırmızı körpü) təmir olunması, Ağstafa rayon sakini İsgəndər Nəsibov Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji parkın yaradılması, Gədəbəy rayon sakini Rizvan Səfərov rayonda tarix-diyarşünaslıq muzeyinin tikilməsi ilə bağlı müraciət ediblər.
Gədəbəy rayonundan Yaşar Məmmədov rayonda yeni turizm marşrutunun açılması, Şəmkir rayon sakinləri Nailə İsmayılova Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ixtisaslı kadrlarla təmin olunması, Şahnaz Məmmədova uşaq incəsənət məktəbinin yaradılması, Qazax rayonundan İlham Hacıyev Dövlət Dram Teatrında işıq və səs sisteminin yenidən qurulması, Afər Hüseynova müasir tələblərə cavab verən yeni musiqi məktəbi binasının tikilməsi barədə xahişlərini diqqətə çatdırıblar. Tovuz rayon sakini Cahandar Cəfərov Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyinin yeni binasının tikintisinə göstərdiyi köməyə görə nazirə minnətdarlığını bildirib.
Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub. Görüşdə bütün müraciətlər diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsini təqdirlə qarşıladığını deyib.
Yerlərdə turizmin inkişafı və tarix-mədəniyyət məkanlarının turizm marşrutlarına daxil edilməsi barədə müraciətlərə toxunan Əbülfəs Qarayev bu məsələlərə konseptual şəkildə baxıldığını və regionun turizm baxımından geniş potensialı olduğunu vurğulayıb. Bildirilib ki, tarix-memarlıq abidələri və qədim yaşayış məskənlərinin müvafiq turizm marşrutları ilə əhatə olunması üçün əlavə tədbirlər görüləcək. Bölgədə aşıq sənətinin də zəngin irsi olduğunu qeyd edən nazir bu xüsusda səslənən təkliflərin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Tovuz rayonunda aşıq sənəti muzeyi nazirlik tərəfindən yenidən qurulur. Ölkəmizin bu bölgəsi qədim saz-söz sənətimizdə xüsusi yeri olan sənətkarlar yetirib. UNESCO-nun siyahısına daxil edilən, dünya mədəni irsi kimi qəbul edilən aşıq sənətimizin daha da inkişaf etdirilməsi bu bölgənin mədəni tanıtımı baxımdan çox vacibdir.
Nazir qəbulda səslənən bir sıra məsələlərin operativ şəkildə həll edildiyini, o cümlədən kitabxanaların yeni nəşrlərlə təminatı barədə tapşırıq verildiyini bildirib. Sosial məsələlərə dair müraciətlərin də diqqətdə saxlanılacağı və həlli ilə bağlı aidiyyəti təşkilatlara müraciət ediləcəyi qeyd olunub.
Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədən sonra Əbülfəs Qarayev Azərbaycan-Gürcüstan sərhədinə gedərək Qırmızı körpü tarixi abidəsi ətrafındakı vəziyyətlə tanış olub. Xramçay üzərindən salınmış Qırmızı körpü XII əsrə aid memarlıq nümunəsidir. Nazir Qazax rayonunda “Avey” Tarix-Mədəniyyət Qoruğu ərazisindəki Damcılı qədim yaşayış məskəninə də baş çəkib.
F.Hüseynov