Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. Tədbirdə rəsmi şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, diplomatik missiyanın nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova bu qeyri-kommersiya təşkilatının fəaliyyətindən söz açıb: “YARAT Müasir İncəsənət Məkanı dörd ildir fəaliyyət göstərir. Açılışına toplaşdığımız YARAT Müasir İncəsənət Mərkəzində Qafqazdan olan rəssamların sənət əsərlərini nümayiş etdirəcəyik, habelə dünyanın digər ölkələri ilə müasir incəsənət əlaqələrini gücləndirəcəyik. Həmişə olduğu kimi, YARAT təhsil layihələrini ardıcıl olaraq həyata keçirəcək”.
Sonra çıxış edən rəssam Şirin Neşat Azərbaycanda olmasından və əsərlərinin YARAT Müasir İncəsənət Mərkəzində sərgilənməsindən qürur duyduğunu deyib.
Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərgidə rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərləri nümayiş olunur. Sərgidə rəssamın əvvəlki işlərindən də ikisi yer alıb. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.
İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların müəllifi kimi şöhrət qazanıb. O, əsərlərində tez-tez cəmiyyətin sosial, mədəni və dini kodlarına, müəyyən qarşıdurmaların necə dəyişilməsinə müraciət edir - açıq ilə tünd, ağ ilə qara, kişi ilə qadın motivlərinin bir-birinin əksini təşkil etdiklərini göstərir.
O, xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib və vətənə 1990-cı ildə gəlib. Onun bu səfəri yaradıcılığına güclü təsir göstərib, sənətində novator olmağı üçün ona ilham verib. 1999-cu ildə “Coşqun” adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazanıb. 2000-ci ildə Londonun “Serpentine” qalereyasında fərdi sərgisi keçirilib. Şirin Neşat bir çox mükafatlara, o cümlədən “Kişilərsiz qadınlar” adlı filminə görə Venesiya kinofestivalının (2008) “Ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş şir” mükafatına layiq görülüb. Şirin Neşat hazırda Nyu-Yorkda yaşayır. Fərdi və qrup sərgiləri ABŞ, Yaponiya, Yunanıstan, Niderland, Avstriya və digər ölkələrdə nümayiş etdirilib.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan “Gözlərimin evi” sərgisi iyunun 23-dək davam edəcək. Rəssam 2014-cü ildə Azərbaycanda 50-dən çox adamın fotoportretini çəkib. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı 2-80 arasındadır. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verib. Cavablar xəttatlıq üsulu ilə hər kəsin portreti üzərinə yazılıb. Şirin Neşat bu əsərlər barədə deyib: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm”.
* * *
Açılış mərasimində YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət “Tarix yazılarkən: YARAT kolleksiyası” da nümayiş olunub. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran məşhur rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələrin rəssamlarının da əl işləri yer alıb. YARAT-ın kolleksiyasına gəlincə isə, o, son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaq. “Tarix yazılarkən: YARAT kolleksiyası” YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 24-dək nümayiş olunacaq.
YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə hərbi donanma obyekti olmuş bu tikilidə yaradılan incəsənət mərkəzində sərgilərlə yanaşı, müxtəlif tamaşalar, baxışlar və YARAT-ın təhsil tədbirləri təşkil olunacaq. Mərkəzin kitabxanasında YARAT-ın incəsənət nəşrlərindən tərtib olunmuş və daim artan kolleksiyası ilə tanış olmaq mümkündür.