Türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr edilmiş konfrans

Aprelin 9-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920)” adlı II beynəlxalq elmi konfrans işə başlayıb. Üç gün davam edəcək tədbir AMEA Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Əvvəlcə iştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.
Beynəlxalq konfransın açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə ikinci dəfə keçirilən beynəlxalq tədbirin türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində əhəmiyyətli addım olduğunu bildirib. Elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Şimali Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçilərin iştirak etdiyi bildirilib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan və digər çıxış edənlər yeni tarixi faktların üzə çıxarılması baxımdan tədbirin önəmini vurğulayıblar.
Konfrans “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları” bölməsi üzrə işini davam etdirib.