İstiqlal Muzeyində Əliağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş sərgi təşkil edilib

Aprelin 21-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya zalında artilleriya generalı Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş “Generalın yolu” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəms açaraq xalqımızın hərb tarixində adı hörmətlə anılan görkəmli sərkərdənin ömür yoluna nəzər saldı. Qeyd olundu ki, Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1905-ci ildə rus-yapon müharibəsi zamanı Port-Artur döyüşlərində fədakarlıq göstərib. 1908-ci ildə polkovnik rütbəsi alıb. 1910-cu ildə onun “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri işıq üzü görüb. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi-elmi ixtiraları topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. I Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi Ə.Şıxlinskiyə tapşırılıb. 1917-ci ilin sentyabrında 10-cu ordunun komandanı təyin edilən general sonra öz ərizəsi ilə imperiya ordusundan tərxis olunub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Ə.Şıxlinski hərb nazirinin müavini təyin edilib, milli silahlı qüvvələrin formalaşmasında səylə çalışıb.
Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Nazim Əhmədov qeyd etdi ki, Əliağa Şıxlinskinin yubileyi ilə bağlı Prezident İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli sərəncamına uyğun olaraq hərbi hissələrdə silsilə tədbirlər keçirilir.
Görkəmli sərkərdənin qohumu, kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski Prezident İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Çıxışlardan sonra sərgiyə baxış oldu. Sərgidə 30 fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunur. Ekspozisiyada həmçinin Ə.Şıxlinskinin Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov tərəfindən hazırlanan büstü də yer alıb.

Savalan Fərəcov