Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının qərarı turizm diplomatiyasında fövqəladə əhəmiyyət kəsb edir
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə layihəsi ilə bağlı qərar qəbul olunub. İyunun 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla əlaqədar jurnalistlər üçün brifinq keçirdi.
Nazir bildirdi ki, 2014-cü ilin oktyabrında qurumun Səmərqənddə keçirilmiş 99-cu sessiyasında müvafiq qətnamə layihəsini təqdim etmişdi. Şura həmin iclasda qərara almışdı ki, məsələ Dünya Turizm Etikası Komitəsi tərəfindən tövsiyə şəklində növbəti sessiyaya təqdim edilsin.
Dünya Turizm Etika Komitəsi tərəfindən məsələyə 2014-cü ilin noyabr ayında Romada keçirilmiş iclasda baxılıb və tövsiyə edilib ki, İcraiyyə Şurası hökumətləri, turizm sahəsində özəl və dövlət təşkilatlarını Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla, bütün hallarda riayət edilməsinə təşviq etsin.
Əbülfəs Qarayevin sözlərinə görə, Xorvatiyada keçirilən sessiyada məsələ gündəliyə daxil edilib və müzakirəyə çıxarılıb: "Bu sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanır. Məsələ ətrafında geniş müzakirələr aparıldı və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qətnamə mətni qəbul edildi. Qərarın müzakirəsinə və belə bir sənədin qəbul edilməsinə Ermənistan tərəfindən ciddi etirazlar oldu. Amma Ermənistan BMT-nin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü deyil, Azərbaycan isə üzvüdür. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir".
Nazir münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması üçün belə bir sənədin qəbul edilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu qərar münaqişəli ərazilərin, o cümlədən Azərbaycan üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin qarşısının alınması üçün istinad ediləcək beynəlxalq sənəddir. Bu qərar Ümumdünya Turizm Təşkilatına üzv ölkələrin xarici işlər və turizmə məsul nazirliklərinə, beynəlxalq turizm sərgilərinin təşkilat orqanlarına, ölkəmizin xaricdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndəriləcək.
Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Turizmin Qlobal Etik Kodeksinin prinsiplərinə bütün ölkələrin turizm təşkilatları tabe olmalıdır: “Bu sənədin qəbulu ilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq üstünlük əldə edilib. Qarabağa başqa ölkə vasitəsilə səfərlər həyata keçirilsə, biz bu qərara əsaslanaraq diplomatik yollarla bunun qarşısını ala bilərik. Ümumdünya Turizm Təşkilatının bu qərarı bizə sərt addımlar atmağa imkan verir. Biz turizm sahəsində bu addımları ata bilərik. Turizm diplomatiyasında bu qərar fövqəladə qərardır. Ən azından münaqişəli yerlərə turizm səfərlərinin qarşısı alınacaq. Çünki dünyanın bir çox münaqişəli yerlərində bəzən belə turizm səfərləri həyata keçirilir. Amma turistin təhlükəsizliyi üçün heç kəs cavabdehliyi üzərinə götürmür. Qəbul edilən bu sənədə görə isə məsuliyyət təşkilatçı şirkətin üzərindədir. Qərar bizə Ermənistanın qarşısında da bu şərtləri qoymaq imkanı verir. Bu, eyni zamanda təhlükəsiz turizmin inkişafına xidmət edəcək".
Nazir sonda Azərbaycan mədəniyyəti və turizmi haqqında məlumatlara ölkənin kütləvi informasiya vasitələrində geniş yer verdiklərinə görə media nümayəndələrinə təşəkkür etdi.
Fəxriyyə Abdullayeva